Dünya
Trampdan Kanada ilə bağlı açıqlama: "Artıq belə olmayacaq"
ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, son 10 il ərzində Kanada ilə ticarət ABŞ-yə hər il təxminən 60 milyard dollar zərər vurub. Oxu.Az xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsində yazıb. "Son 10 ildə ABŞ Kanada səbəbindən orta hesabla ildə 60 milyard dollar itirib. Artıq belə olmayacaq", - deyə o yazıb. "Kanada onilliklər ərzində ABŞ-ni soyub. Onlar fermerlərimizdən 400 faiz və daha çox rüsum alırlar. Bir çox möhtəşəm Amerika şirkətini biznesdən sıxışdırıb çıxarıblar", - deyə D.Tramp başqa paylaşımında vurğulayıb. ABŞ prezidenti həmçinin bildirib ki, Kanada 10 il ərzində ABŞ-nin "Gulfstream" şirkətinin istehsal etdiyi təyyarələrə sertifikat verməyib və yalnız onun müdaxiləsindən sonra bu proses baş tutub. "Onlar bazarın 100 faizinin "Gulfstream"in kanadalı rəqibinə məxsus olmasını istəyirdilər. Mən bir çox ölkə ilə işləyirəm və Kanada, şübhəsiz ki, ən çətin və ən məntiqsiz ölkədir. Onlar bunun onların haqqı olduğunu düşünürlər. Lakin onlar ABŞ ştatı deyillər və buna görə də artıq belə bir hüquqları olmayacaq", - deyə Tramp qeyd edib. Bununla yanaşı, Tramp Kanada ilə danışıqlar zamanı bu ölkədə fransız dilində danışılmasının əleyhinə çıxış etdiyini təkzib edib. Onun sözlərinə görə, bu iddia Kanadanın "zəif və səmərəsiz baş naziri" Mark Karninin uydurduğu yalandır.
Mənbə
oxu.az