Siyasət

Vüqar Rəhimzadə: "Azərbaycan-Özbəkistan münasibətləri tamamilə yeni məzmun qazanıb"

21 Aug 2026, 19:00 2 baxış
Vüqar Rəhimzadə: "Azərbaycan-Özbəkistan münasibətləri tamamilə yeni məzmun qazanıb"
"Azərbaycan-Özbəkistan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi iki ölkə arasında yüksək səviyyədə olan siyasi etimadın hüquqi və institusional baxımdan daha yüksək mərhələyə keçməsi deməkdir. 2024-cü il avqustun 23-də imzalanan Müttəfiqlik münasibətləri haqqında Müqavilə tərəflərin bir-birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə qarşılıqlı dəstəyini təsbit edir". Bu fikirləri Oxu.Az-a açıqlamasında Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar Rəhimzadə deyib. "Eyni zamanda, münasibətlər artıq yalnız siyasi dialoqla məhdudlaşmır, müdafiə və təhlükəsizlik, xarici siyasətin əlaqələndirilməsi, hərbi-texniki əməkdaşlıq, iqtisadiyyat, investisiya və nəqliyyat kimi istiqamətləri də əhatə edir. Müdafiə sahəsində isə birgə təlimlər, şəxsi heyətin mübadiləsi, hərbi-texniki əməkdaşlıq və silahlı qüvvələrin qarşılıqlı fəaliyyət imkanlarının artırılması kimi konkret mexanizmlər müəyyənləşdirilib. Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində də qeyd edib ki, iki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır. Dövlət başçısı qeyd edib ki, bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb", - deyə V.Rəhimzadə əlavə edib. O bildirib ki, Azərbaycan və Özbəkistan arasında iqtisadi-ticari əməkdaşlıq son illərdə sürətlə inkişaf edir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb: "Dövlət başçısı sözügedən müsahibəsində vurğulayıb ki, 2026-cı ilin yanvar-may aylarında da artım davam edib. Belə ki, həmin dövrdə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollar təşkil edib. Hazırda sənaye kooperasiyası, energetika, kənd təsərrüfatı və ərzaq emalı, dağ-mədən və metallurgiya, tikinti, avtomobil sənayesi, tekstil, əczaçılıq, logistika və turizm kimi sahələr xüsusi perspektiv vəd edir. 2026-cı ilin iyulunda keçirilən hökumətlərarası komissiyanın iclasında da məhz bu istiqamətlər üzrə birgə layihələrin genişləndirilməsi müzakirə olunub. Xüsusilə, Özbəkistanın böyük əhali bazarı və istehsal potensialı ilə Azərbaycanın enerji, logistika, investisiya və Avropa bazarlarına çıxış imkanlarının birləşdirilməsi yeni imkanlar yaradır. Daha böyük perspektiv iki ölkənin birlikdə məhsul istehsal edib üçüncü bazarlara çıxmasıdır. Azərbaycan ilə Özbəkistanın iqtisadi potensialı və imkanları bir-birini tamamlayır. Bu amil iki ölkə arasında mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi, yeni tərəfdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və müasir əməkdaşlıq formatlarının yaradılması üçün geniş imkanlar açır. Azərbaycan Özbəkistanda bir sıra mühüm investisiya layihələri həyata keçirir. Bu layihələr Azərbaycanın özəl sektorunun Özbəkistan iqtisadiyyatına göstərdiyi marağın və iki ölkə arasında qarşılıqlı investisiyaların artan dinamikasının göstəricisidir. Xüsusilə, turizm, daşınmaz əmlak, xidmət və digər sahələrdə həyata keçirilən investisiya təşəbbüsləri yeni iqtisadi əlaqələrin formalaşmasına və biznes dairələri arasında əməkdaşlığın genişlənməsinə xidmət edir. Azərbaycan və Özbəkistan arasında iqtisadi potensialın qarşılıqlı şəkildə səfərbər edilməsi gələcəkdə yeni birgə layihələrin reallaşdırılması üçün də mühüm zəmin yaradır. Bu baxımdan investisiya, turizm, nəqliyyat, logistika və digər perspektivli sahələrdə əməkdaşlığın genişləndirilməsi iki ölkənin iqtisadi inkişafına əlavə töhfələr verə bilər. Bu baxımdan Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması ikitərəfli iqtisadi əməkdaşlığın möhkəmlənməsi və genişlənməsində mühüm əhəmiyyət kəsb edir". V.Rəhimzadənin sözlərinə görə, Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat və logistika sahəsidir: "Bu sahədə qarşılıqlı fəaliyyətin genişləndirilməsi hər iki ölkə üçün yeni iqtisadi imkanlar yaratmaqla yanaşı, regionlararası ticarət əlaqələrinin inkişafına və nəqliyyat marşrutlarının şaxələndirilməsinə mühüm töhfə verə bilər. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada əlverişli coğrafi mövqeyə malik olması ölkələrimizi Şərqlə Qərbi birləşdirən mühüm strateji nəqliyyat marşrutlarında təbii tərəfdaşlara çevirir. Bu baxımdan Azərbaycanın müasir nəqliyyat infrastrukturu və Xəzər dənizi üzərindən keçən bağlantıları Özbəkistanın Mərkəzi Asiya regionundakı nəqliyyat imkanları ilə tamamlanır". "Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu baxımdan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası bütün region üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq. Belə bir inteqrasiya Asiya ilə Avropa arasında yükdaşımaların sürətləndirilməsi, yeni logistika əlaqələrinin formalaşdırılması və ticarət dövriyyəsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu layihələrin bir-biri ilə əlaqələndirilməsi nəticəsində Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxış imkanları genişlənəcək, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində mühüm tranzit qovşağı kimi rolu daha da güclənəcək", - deyə sonda Vüqar Rəhimzadə vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər