Dünya
Meqan Markl və Şahzadə Harrinin Ağ Evlə əlaqə qurmaq cəhdlərinin detalları məlum olub
2020-ci ildə keçirilən seçkinin ardınca Meqan Marklın ABŞ Senatında Kamala Harrisin yerinə namizəd olmaq istədiyi bildirilir. Bu hədəfə çatmaq üçün o, əri, Böyük Britaniya şahzadəsi Harri ilə birgə Ağ Ev rəhbəri Co Baydenlə rəsmi görüş təşkil etməyə çalışıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə "The New York Post" qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına əsasən, Co Baydenin seçki qələbəsindən bir neçə həftə öncə Markl Kaliforniya ştatının qubernatoru Qevin Nyusomla da görüşmək istəyib. Buna səbəb onun Harrisin vitse-prezident vəzifəsinə keçməsindən sonra boş qalacaq senator postuna iddialı olması idi. Digər tərəfdən, bəzi mənbələr Marklın Senatda yer almaq niyyətində olmadığını vurğulayaraq bu iddiaları rədd edir. Yekun qərar olaraq isə Qevin Nyusom həmin vəzifəyə Aleks Padilyanın təyinatını rəsmiləşdirib. Nəşr əlavə edir ki, cütlük 2021-ci ildə Oval kabinetdə ABŞ prezidenti ilə görüşməyi planlaşdırıb. Həmçinin onlar xarici dövlət başçılarının rəsmi səfərləri üçün ayrılan "Blair House" iqamətgahında qalmaq üçün müraciət ediblər. Lakin Ağ Ev nümayəndələri Britaniya hökuməti və kral ailəsi ilə münasibətlərdə diplomatik problemlərin yarana biləcəyindən ehtiyat edərək, bu müraciəti rədd ediblər. Məlumatlarda o da qeyd olunur ki, Harri və Meqan ABŞ administrasiyası ilə əlaqə yaratmaq məqsədilə Barak Obamanın keçmiş komanda üzvləri ilə əməkdaşlıq ediblər. Buna baxmayaraq, cütlüyün rəsmi təmsilçiləri Oval kabinetdə görüş və "Blair House" iqamətgahı ilə bağlı yayılan müraciət iddialarını tamamilə təkzib edirlər.
Mənbə
oxu.az