Dünya
ABŞ-də inşa edilən təyyarədaşıyan gəmi Trampın şərəfinə adlandırıla bilər
ABŞ-də inşa edilən və İkinci Dünya müharibəsi qəhrəmanı Doris Millerin şərəfinə adlandırılması planlaşdırılan "USS Doris Miller" təyyarədaşıyan gəmisinin adının dəyişdirilməsi ehtimalı nəzərdən keçirilir. Yeni ad olaraq ABŞ Prezidenti Donald Trampın adı təklif oluna bilər. Oxu.Az-ın xəbərinə görə, bu barədə CNN nəşri məlumat verib. "Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmiyə məhz hansı ad verməyi planlaşdırdığı məlum deyil, baxmayaraq ki, iki mənbə Trampın şərəfinə adlandırılması ilə bağlı daxili müzakirələr aparıldığını bildirib. Təyyarədaşıyan gəminin hazırkı prezidentin şərəfinə adlandırılması görünməmiş addım olardı", - deyə nəşr bildirib. Gəmiyə əvvəlcə Perl-Harbora hücum zamanı qəhrəmanlıq nümayiş etdirən hərbçi Doris Millerin adının verilməsi planlaşdırılırdı. ABŞ Hərbi Dəniz Qüvvələri indi başqa bir hərbi gəmiyə onun adını vermək variantını nəzərdən keçirir. Təyyarədaşıyan gəminin Trampın şərəfinə adlandırılması ilk hal olardı ki, belə bir gəmi hazırkı ABŞ prezidentinin adını alsın. Adın dəyişdirilməsi ilə bağlı müzakirələr ilin əvvəlindən bəri davam edir. Hazırda Hərbi Dəniz Qüvvələri daxilində gəmini gövdə nömrəsi olan "CVN-81" ilə adlandırırlar. Eyni zamanda, Hərbi Dəniz Qüvvələri Milleri ABŞ-nin ən yüksək hərbi mükafatı olan Şərəf Medalına namizəd göstərməyi təklif edir.
Mənbə
oxu.az