Dünya
İranın yeni hədəfləri: Avropadakı bazalar və sualtı kabellər
ABŞ Prezidenti Donald Tramp tərəfindən münaqişənin eskalasiyası halında, İran Avropa ərazisindəki Amerika hərbi obyektlərinə zərbələr endirmək imkanını nəzərdən keçirir. Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" nəşrinə İran hakimiyyətinə yaxın olan iki mənbə məlumat verib. Mənbələrin sözlərinə əsasən, rəsmi Tehran Cənub-Şərqi Avropa bölgəsində, xüsusən də Amerikanın havada yanacaqdoldurma məqsədilə yararlandığı Bolqarıstandakı Bezmer aviabazasına zərbə endirmək yollarını öyrənib. Eyni zamanda, Böyük Britaniyanın hərbi hava bazasının olduğu Kipr də mümkün hədəflər sırasına daxil edilib. Əlavə olaraq, İranın Hörmüz boğazı ərazisindən keçən sualtı fiber-optik kabelləri hədəf alaraq zədələmək variantını da nəzərdən keçirdiyi qeyd olunur. Məlumatlara görə, yeni bir hərbi qarşıdurma yaranarsa, İran zərbə coğrafiyasını Yaxın Şərq regionunun hüdudlarından kənara çıxara bilər. "Əgər ABŞ çox irəli gedərsə, İran istənilən vasitə ilə özünü qoruyacaq, region hüdudlarını aşaraq Avropaya zərbə endirəcək", - deyə mənbələrdən biri vurğulayıb. İranın Avropa qitəsində yerləşən ABŞ hərbi hədəflərinə hücum etmək planlarını diqqət mərkəzində saxladığı vurğulanır. Rəsmi Tehran daha öncə də uzaq məsafəli obyektləri hədəf almağa cəhdlər edib. ABŞ tərəfi fevral ayında Hind okeanında yerləşən Dieqo-Qarsiya bazası istiqamətində raketlərin buraxıldığını, mart ayında isə Türkiyə İrana məxsus ballistik raketlərin havada məhv edildiyini açıqlamışdı. Qəzetin təhlilinə görə, İranın İraq, Livan və Yəmən kimi ölkələrdəki müttəfiq qüvvələri vasitəsilə əməliyyatlar həyata keçirməsi onun üçün daha sərfəli variant hesab olunur. Məlumatda, həmçinin qeyd edilir ki, İran Yaxın Şərq regionunda vəziyyətin daha da pisləşəcəyi ssenarisi üçün xüsusi fəaliyyət planı işləyib hazırlayıb. Qəzetin mənbələrinə əsasən, Tehran iyun ayında ABŞ ilə əldə olunmuş memorandumu Vaşinqton və İsrailin yeni hücum ərəfəsində vaxt qazanmaq gedişi hesab edir. Son iki ay ərzində İran ehtimal olunan hərbi toqquşmaların miqyasının genişlənməsinə qarşı ciddi hazırlıqlar həyata keçirib. Nəşrin məlumatına əsasən, rəsmi Tehran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nizami orduya nəzarətini gücləndirir, İraqla savaşda iştirak etmiş şəxsləri strateji postlara təyin edir. Bununla yanaşı, əks-kəşfiyyat tədbirlərinin miqyası böyüdülür, pilotsuz uçuş aparatları və raket istehsalı daha da intensivləşdirilir. Ərəb kəşfiyyat xidmətlərinin məlumatına əsasən, İran, eyni zamanda, Yəmən və İraqdakı silahlı qruplaşmalarla da təmasdadır. Məqalədə vurğulanır ki, Tehranın əsas hədəfi ABŞ-nin itkilərinin sayını artırmaq və əvvəlki münaqişənin təkrar olunmasına yol verməməkdir. Eyni zamanda, İran hökumətinin ölkə daxilində süni iğtişaşlar yaratmaq cəhdlərinə hazırlaşdığı da bildirilir. İranın baş müzakirəçisinin müşaviri vəzifəsini icra edən Mehdi Məhəmmədi açıqlamasında ölkəsinin "genişmiqyaslı bir müharibəyə tam şəkildə hazır olduğunu" vurğulayıb.
Mənbə
oxu.az