Dünya
Hipertoniyanın yaranmasının qarşısını alan giləmeyvələr
Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. Oxu.Az bildirir ki, bu barədə rusiyalı həkim-terapevt və kardioloq Tatyana Zaletova "Moskva 24" nəşrinə müsahibəsində danışıb. Tatyana Zaletova quşüzümü və mərcangiləni yüksək nutritiv (qida) sıxlığa malik giləmeyvələr adlandırıb. Həkim izah edib ki, qəbul edilən hər kalori ilə insan çoxlu miqdarda zəruri bioloji aktiv maddələr əldə edir. Quşüzümü və mərcangilənin tərkibindəki proantosianidlər və flavonollar antioksidantlar kimi təsir göstərir və qandakı lipidləri (yağları) oksidləşmədən qoruyur. Nəticədə lipidlər damarların divarlarına yapışmır. Bu giləmeyvələrin müntəzəm qəbulu damarların sağlam və elastik vəziyyətdə qorunub saxlanmasına kömək edir ki, bu da ateroskleroz və hipertoniyanın profilaktikasına töhfə verir. "İkinci mexanizm sidik yolu infeksiyalarının qarşısının alınması ilə bağlıdır. Quşüzümünün tərkibindəki maddələr bakteriyaların, xüsusən də bağırsaq çöpünün (E. coli) səthindəki elektrik yükünü dəyişdirir. Nəticədə onlar sidik kisəsinin selikli qişasına yapışdıqları "qarmaqlarını" itirirlər və sadəcə sidik axını ilə yuyulub gedirlər", - deyə mütəxəssis qeyd edib. Tatyana Zaletova əlavə edib ki, mərcangilənin tərkibində benzoy turşusu da var və bu maddə orqanizmdə hippur turşusuna çevrilərək mikrobların çoxalması üçün əlverişsiz mühit yaradır.
Mənbə
oxu.az