Dünya
Həbsxanalarda yer qalmadı: İsveç məhbuslarını başqa ölkəyə göndərir
İsveçdə məhkum olunmuş şəxslərin ilk qrupu cəzalarını Estoniyada çəkmək üçün bu ölkəyə gətirilib. Oxu.Az bildirir ki, bu barədə Estoniya Dövlət Radio və Televiziyasının (ERR) portalı xəbər verib. Məlumata görə, təxminən 10 məhbus Estoniyanın Emari şəhərində yerləşən Hərbi Hava Qüvvələrinin bazasına gətirilib. Onlar buradan Tartu şəhərindəki həbsxanaya aparılacaqlar. Tallin və Stokholm arasında əldə olunan razılaşmaya əsasən, qarşıdakı bir il ərzində 600-ə qədər isveçli məhbusun Tartu həbsxanasına köçürülməsi planlaşdırılır. Onların saxlanma xərclərini İsveç ödəyəcək. Məhbusların sayından asılı olaraq, bu xərclərin illik 31-61 milyon avro təşkil edəcəyi gözlənilir. İsveçli məhbuslar Tartu həbsxanasının daxili qaydalarına tabe olacaqlar. Bununla yanaşı, onlar İsveç həbsxana formasını geyinəcək və İsveç televiziya kanallarına çıxış əldə edəcəklər. Məhbusların Estoniyaya göndərilməsinin əsas səbəbi İsveç həbsxanalarında yer çatışmazlığı və həddindən artıq sıxlıqdır. Razılaşma beş il müddətinə nəzərdə tutulub və onun müddətinin uzadılması mümkündür. Maraqlıdır ki, 2013-cü ildə vəziyyət tamamilə əksinə idi: həmin dövrdə İsveçdə məhbusların sayının azalması səbəbindən bəzi həbsxanalar bağlanmışdı. Hazırda isə ölkə həbsxanalardakı sıxlıq səbəbindən məhbusları başqa ölkəyə göndərməyə məcbur olur.
Mənbə
oxu.az