Dünya
HƏMAS-dan İsrailə qarşı ÇAĞIRIŞ: "Təzyiq göstərin"
HƏMAS Qəzzada atəşkəs barədə razılaşmaya əməl etməsi və sülh planının ikinci mərhələsinə keçidi təsdiqləməsi üçün İsrailə təzyiq göstərilməsini istəyib. Oxu.Az xəbər verir ki, bu barədə Fələstinin HƏMAS hərəkatı Misirin Əl-Əlameyn şəhərində keçirilən danışıqların yekunlarına dair "Telegram" kanalında paylaşım edib. "Biz vasitəçiləri və Sülh Şurasını İsraili Qəzza ilə bağlı razılaşma çərçivəsində öhdəliklərini yerinə yetirməyə və onun ikinci mərhələsinin həyata keçirilməsi planını təsdiqləməyə məcbur etməyə çağırırıq", - məlumatda bildirilib. HƏMAS təklif olunan "yol xəritəsi" ilə razı olduğunu yenidən təsdiqləyib, lakin onun nələri nəzərdə tutduğunu açıqlamayıb. "Al Arabiya" telekanalının mənbələri isə bildiriblər ki, HƏMAS ABŞ prezidentinin kürəkəni Cared Kuşnerlə danışıqlar zamanı hərəkat tərəfdarlarının silahlarının Qəzzada qalmasına nail olmağa çalışıb. Vaşinqton isə silahların anklavdan kənara çıxarılmasını tələb edir. Əl-Əlameyndə keçirilən görüşlərdə Kuşner və HƏMAS rəhbərliyi ilə yanaşı, Misir, Qətər və Türkiyədən olan vasitəçilər, həmçinin Qəzza üzrə Sülh Şurasının yüksəksəviyyəli nümayəndəsi Nikolay Mladenov iştirak edib. 2025-ci ilin oktyabrında İsrail və HƏMAS Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Qəzza zolağında atəşkəs barədə razılaşma əldə ediblər. Təşəbbüs üç mərhələdən ibarət olub. Birinci mərhələ döyüşlərin dayandırılmasını, saxlanılan şəxslərin azad edilməsini və İsrail qoşunlarının qismən çıxarılmasını nəzərdə tutub. Sonrakı mərhələlər isə münaqişənin tam başa çatdırılmasını və anklavın bərpasını nəzərdə tutub. Lakin tərəflər hələ də razılaşmanın ikinci mərhələsinə keçə bilməyiblər.
Mənbə
oxu.az