Mədəniyyət

Filmdən sonra: Ye, dua et, sev

14 Aug 2026, 15:00 2 baxış
Filmdən sonra: Ye, dua et, sev
Turanə Hüseynli yazır... Dayandığın zaman işə yaramaz, hiss etmisən? Ya da sırf həyatının səliqəsi pozulmasın deyə olduğun yerdə dayandığın olub? Hər gün yuxudan oyananda yataq otağından mətbəxə gedən eyni yol; Eyni şkafda yerləşən hər gün qəhvə içdiyin o stəkan; Hamam otağında darağının harada olduğunu gözüyumulu tapmaq kimi.. O qədər öyrəşirsən ki həyatında adiləşmiş bu sistemə, bir gün bütün bunların dağılması və ya olmaması haqqında düşünmürsən belə. Ta ki günlərin bir günü içində 9 bal gücündə zəlzələ olana kimi... Elə bir zəlzələ ki, xaricdən olduğun kimi qalsan da, içində hər gün dağılan inşa etdiklərinin altında parçalarını tapmaqda çətinlik çəkirsən. Bu periodu o qədər səliqəli və sanki dağıntı yoxmuş kimi yaşayırsan ki, bir gün bu gücün də dağılanda ətrafında bu ana qədər yaşadıqlarını izah edəcək heç kimi tapa bilmirsən. İzah edə bilmirsən. Heç özünə də. Bax, özünün belə cavabını tapa bilmədiyin o suallar insanı bir yola çıxarır. Bəzən bu, fiziki olmur. Bəzən, həqiqətən də, olduğun həyatdan başını çıxarıb, bilmədiyin bir yola çıxırsan. Addımlar yavaş başlayır, şübhəlidir, amma getdikcə yolun sonunda nə olacağı marağı səni sürətli yeriməyə məcbur edir. Əgər hələ də narahatsansa, demək, hələ yolun sonu deyil. Amma o sona kimi o yolda nə qədər bilgi azuqəsi toplasan, o sonluğu daha mükəmməl yaratmış olarsan. Bəzən yola çıxıb-çıxmamaq arasında qalanda, ya da sadəcə, birinin hekayəsinə şahidlik edib rahatlıq tapmaq istəyəndə açıb izlədiyim bir film var. Xoşbəxt olduğunu zənn etdiyi həyatını geridə qoyub özünü axtarmaq üçün yola çıxan, "Ye, dua et, sev" fəlsəfəsini həyatımıza daxil edən "Liz"in hekayəsi olan "Eat Pray Love" filmi. Amerikalı yazıçı Elizabet Gilbertin 2006-cı ildə nəşr olunan "Eat Pray Love: One Woman's Search for Everything Across Italy, India and Indonesia" adlı avtobioqrafik kitabı əsasında çəkilən eyniadlı film də bu fəlsəfəyə çox rəngli nümunə yaradır. Yazarın hekayəsinin maraqlı tərəfi odur ki, "Liz" tamamilə uydurma qəhrəman deyil. Gilbert kitabda boşanmasından sonra yaşadığı emosional böhranı və bir il ərzində İtaliya, Hindistan və İndoneziyaya etdiyi səfəri qələmə alıb. Gilbertin kitabının film hüquqları alınaraq 2010-cu ildə böyük ekrana köçürülüb. Filmin rejissoru və ssenari müəlliflərindən biri Rayan Mörfi, digər ssenari müəllifi isə Cennifer Soltdur. "Liz" roluna Culiya Robertsin seçilməsi isə filmin əsas rənglərindən biridir. Çünki Roberts, sadəcə, gözəl və xarizmatik kino ulduzu deyil. Onun ekran personasında həmişə müəyyən bir istilik, özünüironiya və incəlik var. İzlədikcə anlayırsan ki, "Liz" obrazının da məhz buna ehtiyacı var. Xavyer Bardem Balidə "Liz"in həyatına daxil olan "Felipe" rolunda, Ceyms Franko onun boşanmadan sonrakı münasibəti olan "David" obrazında, Billi Kradap keçmiş həyat yoldaşı "Stiven" rolunda, Riçard Cenkins isə Hindistanda tanış olduğu "Riçard" rolunda çıxış edir. Filmdə "Liz"in yaxın dostu "Delia" obrazını Viola Deyvis canlandırır. Filmin operatoru isə üçqat "Oskar" laureatı Robert Riçardsondur. Məhz onun kamerası İtaliyanın ləzzət, Hindistanın daxili axtarış, Balinin isə sakitlik və romantika hissini bizə çatdırır. Filmin musiqisini "Atonement" ilə "Oskar" qazanmış bəstəkar Dario Marianelli yazıb. Bu təsadüfi olmayan səbəbdən də "Eat Pray Love"ın vizual dili hekayə üçün daha güclü vəhdət yaradır. Roma səhnələrinə baxanda ləzzət eyforiyasına düşür, Bali səhnələrinə baxanda oraya getmək istəyirsən. Hindistan səhnələrində isə istəmədən nəfəsin yavaşlayır və o sakitliyə qapılırsan. Film boyunca hər kəsin özü üçün qəbul edəcəyi bir fəlsəfə olsa da, məncə, Gilbertin hekayəsinin gücü, bəlkə də, böyük fəlsəfi iddialarında yox, öz zəifliyini gizlətməməsində idi. O, "mən hər şeyi həll etdim" deyən qadın haqqında yazmayıb. Filmdən sonra "Eat Pray Love"ın, sadəcə, bir film adı olmaqdan çıxması da bu səbəbdəndir. Çünki bu üç söz bir həyat formuluna çevrildi: Yemək, dua etmək, sevmək yox - hiss etmək, özünü dinləmək və yenidən bağ qurmaq. Hekayənin baş qəhrəmanı "Liz" bütün hekayə boyu özünü münasibətlərin içində itirməməyi öyrənmək üçün yola çıxır. Lakin hekayə yenə romantik münasibətlə tamamlanır və bu, filmin bütün ideyasına zidd görünür. Amma problem sevməkdə deyildi. Problem sevgiyə daxil olarkən özünü tərk etmək, sadələşmək idi. "Liz" də bu yolda həm də qarşısındakı insan vasitəsilə kim olduğunu anlayan qadından xilas olmuşdu. "Eat Pray Love"ın ideyasını "özünü tapmaq üçün səyahətə çıx" kimi oxumaq çox sadə olardı. Çünki hekayə illər ərzində "imtiyazlı qərbli qadının bahalı özünüaxtarışı" kimi tənqid olunub. Bu tənqiddə müəyyən qədər haqq var: Hər insan işini dayandırıb bir il İtaliyaya, Hindistana və Baliyə gedə bilməz. Amma hekayənin universallığı səyahətin coğrafiyasında deyil. Filmdən sonra ürəyinin verdiyi sualdadır: İllərlə yaşadığın həyatın artıq sənə aid olmadığını hiss etsəydin, cəsarətini toplayıb necə bir həyat seçərdin?
Mənbə oxu.az

Oxşar Xəbərlər