12 milyon avtomobilə təsir edəcək yeni qaydalar
Avropa Birliyində istismar müddətini başa vurmuş nəqliyyat vasitələrinin toplanması, sökülməsi və təkrar emalı ilə bağlı yeni qaydalar avqustun 13-dən qüvvəyə minir.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, yeni tənzimləmə hər il AB ərazisində istismar müddətini başa vuran təxminən 12 milyon nəqliyyat vasitəsinin utilizasiyası prosesinə təsir göstərəcək.
Qaydaların əsas məqsədi avtomobillərin ömrünün sonunda dəyərli materialların tullantıya çevrilməsinin qarşısını almaq və təkrar emalın rolunu artırmaqdır.
Yeni sistem yalnız köhnə avtomobillərə şamil olunmayacaq. Avtomobil istehsalçılarına nəqliyyat vasitələrinin hissələrinin daha asan sökülməsi, yenidən istifadəsi və təkrar emalını mümkün edən şəkildə dizayn edilməsi üçün əlavə tələblər qoyulacaq.
Tənzimləməyə əsasən, 2032-ci ildən etibarən yeni nəqliyyat vasitələrində istifadə olunan plastiklərin ən azı 15 faizi təkrar emal edilmiş materiallardan hazırlanmalıdır. Bu göstəricinin sonrakı illərdə artırılması nəzərdə tutulur.
Yeni qaydaların əsas məqsədlərindən biri köhnə nəqliyyat vasitələrindən alüminium, mis və nadir torpaq elementləri kimi qiymətli xammalın daha səmərəli şəkildə bərpa edilməsidir.
Bununla yanaşı, nəqliyyat vasitələrinin izlənməsi gücləndiriləcək. İstismar müddəti başa çatmış avtomobillərin düzgün şəkildə toplanması və utilizasiya edilməsi üçün nəzarət mexanizmlərinin artırılması nəzərdə tutulur.
AB-nin yeni yanaşması avtomobil sənayesində dairəvi iqtisadiyyatın inkişafını sürətləndirməyi və yeni avtomobillərin istehsalında ilkin xammaldan asılılığı azaltmağı hədəfləyir.