Dünya
ABŞ-də qeyri-kommersiya təşkilatı Trampı məhkəməyə verdi
"Freedom Press Foundation" qeyri-kommersiya təşkilatı "The Intercept" nəşri ilə birgə ABŞ Prezidenti Donald Trampa qarşı Nyu-York ştatının Cənub Dairəsi üzrə Federal Məhkəməsində iddia qaldırıb. Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verir. İddiaya səbəb Trampa məxsus "Trump Media & Technology Group" (TMTG) şirkəti tərəfindən maliyyə bazarının peşəkar iştirakçılarına "Truth Social" platformasındakı ən nüfuzlu hesabların paylaşımlarına sürətli çıxış imkanı satan servisin yaradılmasıdır. Bu iş üzrə cavabdeh qismində Donald Tramp, eləcə də ABŞ administrasiyası çıxış edir. "Prezident Tramp özünə məxsus "Truth Social" sosial şəbəkəsindəki rəsmi hökumət bəyanatlarına prioritet çıxış üçün ayda 100 000 dollar tələb edir. Bütün çərçivələri aşan bu sxem konstitusiyaya zidd xarakter daşıyır, bu səbəbdən iddiaçılar bunun qarşısını almaq üçün məhkəmə prosesinə başlayırlar", - deyə iddia ərizəsində qeyd olunur. İyul ayında TMTG "Truth Social"dakı ən nüfuzlu hesabların paylaşımlarına real vaxt rejimində lisenziyalı çıxış təmin edən "Truth API" servisini işə saldığını elan etmişdi. Trampın "Truth Social"dakı hesabına 12.9 milyon istifadəçi abunədir ki, bu da onu sosial şəbəkənin ən məşhur səhifəsi edir. "Truth API" servisi avqustun 1-dən fəaliyyətə başlayıb.
Mənbə
oxu.az