Dünya
Avropada ANOMAL İSTİLƏR: Elba çayında "aclıq daşları" üzə çıxdı - FOTO
Almaniyanın Saksoniya federal torpağında bir sıra çaylarda suyun səviyyəsi kritik həddə düşüb və Elba çayında quraqlıq illərində qoyulmuş "aclıq daşları" üzə çıxıb. Oxu.Az "Die Zeit" nəşrinə istinadən xəbər verir ki, "aclıq daşları" əvvəlki illərdə güclü quraqlıq zamanı insanlar tərəfindən üzərində xüsusi nişanlar qoyulmuş iri daşlardır. Onların üzə çıxması məhsuldarlıqla bağlı mümkün problemlərdən xəbər verir. 2026-cı ilin avqustunda belə daşlardan bir neçəsi Elba çayında görünüb. Daşlardan birinin üzərində son üç əsrdən çox müddət ərzində baş vermiş quraqlıqlara aid 20-dən artıq tarix qeyd olunub. Ən son tarix kimi 2018-ci il göstərilib. Almaniyanın Federal Su Yolları və Gəmiçilik İdarəsinin məlumatına görə, Düsseldorf ərazisində Reyn çayında suyun səviyyəsi rekord həddə - 14 santimetrə qədər enib. Bölgədəki digər çaylarda da dayazlaşma müşahidə olunur. "Acıq daşları" sonuncu dəfə 2022-ci ildə Avropada quraqlıq səbəbindən çayların quruması zamanı üzə çıxmışdı. Avqustun əvvəlində Avropa ölkələrində yenidən anomal istilər müşahidə olunub ki, bu da enerji və nəqliyyat sistemlərinə təsir edib. Digər tərəfdən, Dunay çayının Budapeşt ərazisində suyun səviyyəsi 2018-ci ildə qeydə alınan əvvəlki rekorddan 10 santimetr aşağı düşüb.
Mənbə
oxu.az