Dünya
Sudandakı silahlı münaqişə qədim piramidaları təhlükə qarşısında qoyub
Sudanda davam edən silahlı münaqişə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim Meroe şəhərinin piramidalarını təhlükə altına alıb. Oxu.Az xəbər verir ki, bu barədə "Africanews" telekanalı məlumat yayıb. Qeyd olunub ki, paytaxt Xartumdan təxminən 200 kilometr şimalda yerləşən tarixi abidənin qorunması üzrə işlər tamamilə dayandırılıb. Xarici elmi missiyalar fəaliyyətini dayandırıb, bir çox arxeoloq isə ölkəni tərk edib. Arxeoloq Mahmud Süleymanın sözlərinə görə, abidəni fəlakət gözləyir və bəzi tikililər dağıla bilər. Piramidaların ətrafında qumun toplanması, bitkilərin böyüməsi, eləcə də kövrək daşları və qədim yazıları aşındıran duz əsas təhlükələr hesab olunur. Meroe kompleksi e.ə. VIII əsrdən eramızın IV əsrinədək Kuş krallığının hökmdarları üçün məqbərə kimi inşa edilmiş 200-dən çox piramidanı əhatə edir. Kompleks 2011-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib və Meroe kral şəhəri ilə yanaşı, yaxınlıqdakı Naka və Müsəvvərat əs-Sufra dini komplekslərini də əhatə edir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər