Dünya

Naqasakidə 81 il əvvəlin bu günü zaman dayandı

09 Aug 2026, 10:12 2 baxış
Naqasakidə 81 il əvvəlin bu günü zaman dayandı
Yaponiya sakinləri ABŞ-nin 81 il əvvəl Naqasakiyə atdığı atom bombasının qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verir. Ənənəvi olaraq, bir dəqiqəlik sükut yerli vaxtla saat 11:02-də (Bakı vaxtı ilə 06:02 - red.) elan edilib. 1945-ci il avqustun 9-da məhz həmin vaxt ABŞ Hərbi Hava Qüvvələrinin "B-29" strateji bombardmançı təyyarəsindən atılan "Gonbul" bombası Naqasaki üzərində partlayıb. Naqasaki hakimiyyətinin məlumatına görə, Sülh Parkında keçirilən matəm tədbirlərində 100-ə yaxın ölkə və regionun nümayəndələri iştirak edəcəklər. Xarici qonaqların bir çoxu bir gün əvvəl atom bombasının partladığı ərazidəki abidənin önünə çiçəklər qoyublar. Xirosima və Naqasakinin atom bombardmanları İkinci Dünya müharibəsinin lap sonunda ABŞ Silahlı Qüvvələri tərəfindən həyata keçirilib. Hücumların rəsmi məqsədinin Yaponiya imperiyasının təslim olmasını sürətləndirmək olduğu bildirilirdi. Bu hücumlar bəşəriyyət tarixində nüvə silahının döyüş şəraitində tətbiq edildiyi yeganə haldır. Birləşmiş Ştatlar bu günədək həmin addımları "hərbi zərurət"lə əsaslandıraraq mənəvi məsuliyyətini etiraf etməyib. 2023-cü ilin mayında Xirosimada keçirilən Böyük Yeddilik (G7) sammitində ABŞ prezidenti kimi iştirak edən Co Bayden, eləcə də 2016-cı ildə bu şəhəri ziyarət edən ilk fəaliyyətdə olan ABŞ prezidenti Barak Obama nüvə zərbələrinə görə üzr istəməyiblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər