İdman

Konor Makqreqor oktaqona qayıdır

07 Aug 2026, 14:36 2 baxış
Konor Makqreqor oktaqona qayıdır
İki çəki dərəcəsində sabiq UFC çempionu, irlandiyalı ulduz Konor Makqreqor dizindən keçirdiyi əməliyyatın uğurla başa çatdığını müjdələyib və oktaqona möhtəşəm qayıdış üçün hazırlıqlara başladığını bildirib. Oxu.Az xəbər verir ki, bu barədə məşhur idmançı sosial şəbəkə hesabında paylaşım edib. "Əməliyyat geridə qaldı. Dizim bərpa olunub. Skeptiklər danışmağa davam edə bilərlər. Mən ağrıdan qaçmadım, əksinə, onun üstünə getdim. Əsl iş indi başlayır. Qayıdış mövsümü məhz bu andan start götürür. Heç bir dolayı yol yoxdur. Heç bir bəhanə ola bilməz. Yenidən ayağa qalxmaq üçün sadəcə iradə lazımdır", - deyə Makqreqor qeyd edib. Xatırladaq ki, Makqreqor sonuncu dəfə iyul ayında, beş illik fasilədən sonra çıxdığı "UFC 329" turnirində Maks Holloveyə qarşı döyüşdə dizindən xəsarət almışdı. Həmin qarşılaşmanın ilk dəqiqələrində irlandiyalı döyüşçü sıçrayaraq ayaq zərbəsi endirməyə çalışsa da, yerə uğursuz düşmüşdü. O, daha iki dəfə yıxıldıqdan sonra dizini tutmuş və referi 69-cu saniyədə döyüşü dayandırmaq məcburiyyətində qalmışdı. Nəticədə, Hollovey texniki nokautla qalib elan edilmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər