İdman
Vinisius və "Real Madrid" razılığa gəldilər - FOTO
Braziliyalı hücumçu Vinisius Junior "Real Madrid" futbol klubu ilə yeni müqavilə şərtlərini razılaşdırıb. Müqavilənin müddəti 2032-ci ilin yayına qədər nəzərdə tutulub. Oxu.Az bu barədə Madrid klubunun rəsmi saytına istinadən xəbər verir. "Vinisius Junior "Real"'a 2018-ci ilin iyulunda, 18 yaşında qoşulub. O, klubda keçirdiyi səkkiz mövsüm ərzində 375 oyunda çıxış edib, 128 qol vurub və 14 titul qazanıb: iki Çempionlar Liqası, üç Klublararası Dünya Çempionatı, iki UEFA Superkuboku, üç La Liqa titulu, bir İspaniya Kuboku və üç İspaniya Superkuboku. O, oyunu, məhsuldar ötürmələri və vurulan qolları, o cümlədən Çempionlar Liqasının son iki finalında vurduğu qollar sayəsində bütün bu titulların qazanılmasına həlledici töhfə verib. Vinisius Junior klub tarixinin ən uğurlu dövrlərindən birində ən vacib oyunçulardan birinə çevrilib", - deyə "kral klubu"nun məlumatında bildirilir. Qeyd edək ki, Vinisius "Real"a Braziliyanın "Flamenqo" klubundan 45 milyon avroya keçib. O, ötən mövsüm madridlilərin heyətində 53 oyun keçirib, hesabında 22 qol və 14 məhsuldar ötürmə var.
Mənbə
oxu.az