İdman
Canni İnfantino ilə Donald Tramp arasında telefon danışığı olub? - FIFA-dan açıqlama
FIFA prezidenti Canni İnfantinonun ABŞ Prezidenti Donald Tramp və ya onun administrasiyası ilə telefon danışığı apardığı barədə yayılan məlumatlar təkzib edilib. Oxu.Az xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat verib. Qurum Britaniyanın "The Times" qəzetində dərc olunan iddiaları "tamamilə uydurma" adlandırıb. FIFA bildirib ki, İnfantino son günlər ərzində nə Trampla, nə də onun administrasiyasının hər hansı üzvü ilə telefon danışığı aparıb. Federasiyanın açıqlamasında qeyd olunub ki, bu bəyanat mediada yayılan mümkün siyasi əlaqələr barədə spekulyasiyalara son qoymaq məqsədi daşıyır. FIFA beynəlxalq KİV-də yayılan məlumatların əsassız olduğunu vurğulayıb. Qurumun açıqlamasından sonra "The Times" öz iddiaları ilə bağlı əlavə şərh verməyib və mənbələri barədə məlumat açıqlamayıb. ABŞ administrasiyası da məsələ ilə bağlı açıqlama yaymayıb.
Mənbə
oxu.az