İdman
Azərbaycan I Liqasında yeni mövsümün püşkü atıldı
Futbol üzrə Azərbaycan I Liqasında 2026/27 mövsümünün püşkatma mərasimi keçirilib. Oxu.Az xəbər verir ki, Peşəkar Futbol Liqasının inzibati binasında təşkil olunan tədbirdə PFL prezidenti Elxan Səmədov, texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev, eləcə də klubların nümayəndələri iştirak ediblər. 10 komandanın mübarizə aparacağı Azərbaycan I Liqası üç dövrəli sistem üzrə keçiriləcək. Püşkatma zamanı çempionatın I və XIX turlarının təqvimi müəyyənləşib. Sentyabrın 3-də start götürəcək yeni mövsümün ilk turunda aşağıdakı qarşılaşmalar keçiriləcək: MOİK - "Şahdağ Qusar"; "Şimal" - "Cəbrayıl"; "Xankəndi" - "Səbail"; "Mingəçevir" - "Zaqatala"; "Baku Sportinq" - "Karvan-Yevlax". XIX turun oyunları isə belə olacaq: "Mingəçevir" - "Xankəndi"; "Şahdağ Qusar" - "Zaqatala"; "Baku Sportinq" - "Səbail"; "Şimal" - MOİK; "Cəbrayıl" - "Karvan-Yevlax". Qeyd edək ki, Azərbaycan I Liqasında 2026/27 mövsümünə sentyabrın 3-də start veriləcək.
Mənbə
oxu.az