Dünya
Aİ sərhədlərinə fiziki maneələr qurula bilər: Fon der Lyayendən ÇAĞIRIŞ
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Seutadakı miqrasiya böhranından sonra Avropa İttifaqının (Aİ) xarici sərhədlərində miqrasiya rejiminin sərtləşdirilməsinə və zəruri ərazilərdə fiziki maneələrin qurulmasına çağırıb. Oxu.Az xəbər verir ki, bu barədə "Euronews" telekanalı məlumat yayıb. "Bu hadisədən sonra aydın oldu ki, kritik nöqtələrdə sərhədlərimizi daha da möhkəmləndirmək üçün əlavə tədbirlər görməliyik. Bu, həm gücləndirilmiş nəzarət, həm də zəruri hallarda fiziki maneələrin inşası yolu ilə həyata keçirilməlidir", - deyə fon der Lyayen İspaniyanın Baş naziri Pedro Sançesə ünvanladığı məktubda bildirib. Gözlənilir ki, Avropa Komissiyası bu təklifi avqustun 4-də Aİ-yə üzv 22 ölkənin daxili işlər nazirlərinin miqrasiya vəziyyətinə həsr olunmuş qeyri-rəsmi videokonfransında səsləndirəcək. Bildirilir ki, iclasda, həmçinin qanunsuz miqrasiyaya nəzarəti gücləndirmək məqsədilə Şengen zonasına daxil olan ölkələrin daxili sərhədlərində sənəd yoxlamalarının tətbiqi imkanları müzakirə ediləcək.
Mənbə
oxu.az