İdman

İnfantino dünya çempionatı hüquqlarının satılması layihəsindən imtina etdi - FOTO

01 Aug 2026, 10:12 1 baxış
İnfantino dünya çempionatı hüquqlarının satılması layihəsindən imtina etdi - FOTO
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino dünya çempionatı hüquqlarının bir hissəsinin özəl investorlara satılmasını nəzərdə tutan layihədən imtina barədə qərar qəbul edib. Oxu.Az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəhbəri sosial şəbəkə hesabında məlumat verib. Bir müddət əvvəl "New York Post" nəşri məlumat yaymışdı ki, futbol rəsmilərinin sərt tənqidləri və təşkilat daxilindəki fikir ayrılıqları səbəbindən FIFA sözügedən təşəbbüsdən geri çəkilib. "Layihə FIFA-ya üzv olan milli assosiasiyaların daha da gücləndirilməsi və idman növümüzün dünyada, xüsusən də dəstəyə ən çox ehtiyac duyan ölkələrdə inkişafı üçün əsas yaratmaq məqsədi daşıyırdı. Eyni zamanda, əvvəldən bəyan etdiyimiz kimi, layihənin icrası yalnız FIFA-ya üzv assosiasiyaların əksəriyyətinin dəstəyi ilə, FIFA Şurası, konfederasiyalar və digər maraqlı tərəflərlə məsləhətləşmələrdən sonra həyata keçirilməli idi. Bütün fikirləri diqqətlə dinləyərək belə nəticəyə gəldik ki, layihə dəstək səviyyəsindən asılı olmayaraq, ilkin hədəflərə uyğun gəlməyən xarakterli mübahisələr yaradıb. Məqsədimiz həmişə birləşdirmək və inkişaf etdirmək olub. Bu səbəbdən təklif davam etdirilməyəcək. Yaxın günlərdə futbolu bütün dünyada inkişaf etdirmək üçün ümumi maraqlar əsasında bütün maraqlı tərəfləri yenidən bir araya gətirməyi planlaşdırıram", - deyə FIFA prezidenti bildirib.
Xatırladaq ki, bir müddət əvvəl İnfantinonun dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmağı planlaşdırdığı məlum olmuşdu. FIFA-dan bildirilmişdi ki, bu sxem 4.2 milyard dollar cəlb etməyə imkan verə bilər. Lakin bu təşəbbüs funksionerlər, federasiyalar və digər təşkilatlar tərəfindən kütləvi şəkildə tənqid edilib. Daha sonra UEFA FIFA bayrağı altında keçirilən turnirləri boykot edəcəyini açıqlayıb. Bu qərar təşkilatın bütün 55 üzvü tərəfindən dəstəklənib. Həmçinin həmin təklif Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Ölkələri Futbol Konfederasiyasının (CONCACAF) üzvləri tərəfindən də rədd edilib. Asiya Futbol Konfederasiyası isə FIFA-nın idarəetmə sistemində islahatların aparılmasına çağırış edib.
İnfantino dünya çempionatı hüquqlarının satılması layihəsindən imtina etdi - FOTO İnfantino dünya çempionatı hüquqlarının satılması layihəsindən imtina etdi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər