Danimarka səfiri Rusiya XİN-ə çağırıldı - Xəbərdarlıq
Danimarka səfiri Rolf Holmboun Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Məlumata görə, səfir Danimarkanın “Fennec” tipli hərbi helikopterinin Baltik dənizində Rusiya hərbi gəmisinə yaxınlaşması ilə əlaqədar XİN-ə dəvət olunub.
XİN insidenti BMT-nin Dəniz Hüququ Konvensiyasının pozulması kimi dəyərləndirib və Baltik regionunda gərginlik fonunda belə halların təkrarlanmasının eskalasiyaya və ciddi insidentə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, sentyabrın 14-də Baltik dənizində Danimarka helikopteri Rusiyanın “Soobrazitelni” korvetinə yaxınlaşıb və ekipajın dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, gəmidən təxminən 50 metr yüksəklikdə havada asılı vəziyyətdə qalıb. Korvetdən iki siqnal raketi atıldıqdan sonra helikopter manevrləri dayandıraraq ərazini tərk edib.