Cəmiyyət
Azərbaycanda inşaat bazarında SON VƏZİYYƏT
Azərbaycanda inşaat sektorunda qiymət sabitliyi iyun ayında da davam edib. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) Oxu.az-a verilən məlumata görə, indeks iyunda 106.7 bənd olub. Bu, 2025-ci ilin dekabrı ilə müqayisədə tikinti xərclərinin 6.7 faiz artdığını, may ayı ilə müqayisədə isə cəmi 0.1 faiz yüksəldiyini göstərir. Hesabata görə, aylıq dinamikanın minimal səviyyədə olması tikinti bazarında qiymətlərin tarazlaşdığını və kəskin dəyişikliklərin müşahidə edilmədiyini təsdiqləyir. Qeyd olunur ki, iyun ayında əsas tikinti materiallarının qiymətləri əvvəlki ayla müqayisədə əsasən dəyişməyib. Sement, beton, armatur, ağac materialları və dam örtükləri üzrə qiymətlər sabit qalıb. Tikinti xərclərinin formalaşmasına təsir göstərən əsas məhsul qruplarından olan metal məmulatlarında da yeni qiymət artımları qeydə alınmayıb. Tikinti mövsümünün aktivləşməsi fonunda əmək bazarında qismən canlanma müşahidə olunub. Tamet, üzlük və döşəmə işləri üzrə xidmət haqları yüksəlib. Ən yüksək artım tamet işlərində qeydə alınıb və bu sahədə qiymətlər may ayı ilə müqayisədə təxminən 12.5 faiz artıb. Digər tikinti ixtisasları üzrə əməkhaqqıları isə ümumilikdə sabit qalıb. İyun ayında ekskavator, avtokran, beton nasosu və digər tikinti texnikasının icarə qiymətlərində də ciddi dəyişiklik baş verməyib. Yanacaq və servis xərclərinin sabit qalması texnika bazarında qiymətlərin qorunmasına şərait yaradıb. Palatanın təhlilinə əsasən, tikinti materialları və texnika üzrə xərclərin dəyişməməsi yeni tikili layihələrinin ümumi maya dəyərinə ciddi təsir göstərməyib. Əmək bazarında müşahidə olunan mövsümi bahalaşma isə ümumi tikinti xərclərində məhdud paya malik olub. Bu, tikinti şirkətlərinin layihələrin maliyyə planlaşdırılmasını daha dəqiq həyata keçirməsinə imkan verir və daşınmaz əmlak bazarında qiymətlərə əlavə təzyiq formalaşdırmır. AQP qeyd edir ki, daxili bazarda qiymət sabitliyi qorunsa da, idxaldan asılı tikinti materialları beynəlxalq bazarlardakı dəyişikliklərə həssas olaraq qalır. Metal məhsulları, logistika xidmətləri, enerji daşıyıcıları və valyuta məzənnələrində baş verə biləcək dəyişikliklər növbəti aylarda tikinti xərclərinə təsir göstərə biləcək əsas amillər hesab olunur. Palatanın qiymətləndirməsinə görə, hazırda tikinti bazarı mülayim artım və sabitlik mərhələsindədir. Tələb və təklif arasında tarazlıq qorunur, əsas tikinti materiallarının qiymətlərində kəskin dəyişiklik müşahidə edilmir və yeni layihələrin maya dəyəri sabit inkişaf trayektoriyasını saxlayır. AQP-nin proqnozuna əsasən, mövcud iqtisadi şərait dəyişmədiyi təqdirdə, 2026-cı ilin üçüncü rübündə də tikinti sektorunda qiymətlər ümumilikdə sabit qalacaq, yalnız idxaldan asılı bəzi məhsul qruplarında məhdud qiymət dəyişiklikləri mümkündür.
Mənbə
oxu.az