Cəmiyyət
Azərbaycanda analar və uşaqlar üçün milyonluq TENDER
"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına və uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"nın icrası məqsədilə tibbi vasitələrin satın alınması ilə bağlı açıq tender elan edib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin qiyməti 2 milyon 558 min 259.59 manat təşkil edib. Müsabiqənin sənədlərinə əsasən, satınalma çərçivəsində ümumilikdə 85 adda tibbi vasitənin alınması nəzərdə tutulur. Satınalma siyahısına neonatal ambu kisələri, müxtəlif ölçülü anesteziya silikon üz maskaları, tənəffüs konturları, laringoskop bıçaqları, endotraxeal borular, nəfəsalma sistemləri və ana, eləcə də uşaqların tibbi xidmətində istifadə olunan digər avadanlıq və sərf materialları daxildir. Qeyd edək ki, sözügedən Dövlət Proqramı uşaqlarda xəstəliklərin erkən aşkarlanması, onların mütəmadi tibbi müayinədən keçirilməsi, ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, eləcə də tibb müəssisələrinin müasir avadanlıqlarla təmin olunmasını nəzərdə tutur.
Mənbə
oxu.az