Dünya
Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etdi
Norveç Rusiyaya qarşı növbəti sanksiyalar paketini tətbiq edib. Oxu.Az xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. "Bu paket Norveçin siyasi cəhətdən qoşulduğu 20-ci Avropa İttifaqı (Aİ) sanksiya paketi (8 may 2026-cı il) ilə uyğundur. Sanksiyalar bir sıra tədbirləri əhatə edir və əsasən enerji, habelə maliyyə sektorlarına yönəlib. Paketə, eyni zamanda, sanksiyalardan yayınmanın qarşısını almaq və Rusiyanın hərbi-sənaye kompleksini daha da zəiflətmək üçün tədbirlər daxildir", - deyə nazirlik bildirib. Sanksiyalar iyulun 14-də qüvvəyə minəcək. Norveçin xarici işlər naziri Espen Bart Eyde qeyd edib ki, yeni məhdudiyyətlər Rusiyanın iqtisadi imkanlarını daraltmağa hədəflənib: "Bu paketlə biz banklara, kriptoservislərə, mayeləşdirilmiş təbii qaz sektoruna, "kölgə donanması"na və üçüncü ölkələr vasitəsilə sanksiyalardan yayınmağı asanlaşdıran iştirakçılara qarşı əlavə tədbirlər tətbiq edirik. Biz həmçinin Aİ-nin Rusiyanın təsirini məhdudlaşdırmaq və sanksiyalardan yayınmanın qarşısını almaqla bağlı səylərini dəstəkləyirik. Məqsəd Rusiyaya iqtisadi təzyiqi artırmaq, onun Ukraynaya qarşı apardığı müharibəni maliyyələşdirməsini və davam etdirməsini daha da çətinləşdirməkdir".
Mənbə
oxu.az