Dünya
Tramp senator Lindsi Qremin ölümündən danışdı
Respublikaçı senator Lindsi Qrem təxminən eyni yaşda vəfat edən atası kimi ciddi sağlamlıq problemlərindən əziyyət çəkib. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Newsmax" telekanalına müsahibəsində siyasətçinin ölümü ətrafında yaranan sui-qəsd nəzəriyyələrini, o cümlədən bu hadisədə Rusiyanın əli ola biləcəyi ilə bağlı şayiələri şərh edərkən bildirib. Ağ Ev rəhbəri ilə söhbət zamanı aparıcı senatorun Ukrayna səfərindən sonra "özünü yaxşı hiss etmədiyini" vurğulayıb və Trampdan qanunvericinin qəfil ölümündə Rusiya Federasiyasının iştirakı ilə bağlı şübhələrinin olub-olmadığını soruşub. Ağ Ev lideri buna belə cavab verib: "Sui-qəsd nəzəriyyələri ilə bağlı sualı cavablandıraraq, mən "bəli" demək istərdim, lakin hesab edirəm ki, onun (Qremin) sağlamlıqla bağlı çox ağır problemləri var idi. Atası da təxminən bu yaşlarda vəfat etmişdi. Onda müəyyən edilməsi heç də asan olmayan, dərində gizlənmiş xəstəliklər mövcud idi". Tramp xatırladıb ki, Qremin atasında da ürək xəstəlikləri olub və bu amil onun ölümünə gətirib çıxarıb. "Onun atası ürək ağırlaşmalarından çox gənc yaşlarında vəfat etdi və eyni vəziyyət Lindsi ilə də baş verdi", - deyə prezident qeyd edib. Qeyd edək ki, Qrem iyulun 11-də 71 yaşında dünyasını dəyişib. O, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanun layihəsinin əsas tərtibçilərindən biri hesab olunurdu. Həmin sənəd aprel ayının əvvəlində amerikalı senatorlardan ibarət ikipartiyalı qrup tərəfindən təqdim edilmişdi.
Mənbə
oxu.az