Dünya
İkinci Dünya müharibəsində itən rəsm əsəri Amsterdamda tapıldı - FOTO
İkinci Dünya müharibəsi illərində almanlar tərəfindən müsadirə edilmiş, məşhur niderlandlı incəsənət dileri Jak Qudstikkerin kolleksiyasına məxsus rəsm əsəri onilliklər sonra Amsterdam küçələrindəki zibillikdə aşkar olunub. İncəsənət detektivi Artur Brandın sözlərinə görə, tapıntı öz qanuni varislərinə təhvil veriləcək. Oxu.Az xəbər verir ki, söhbət Amsterdamdakı Nyuve-Kerk kilsəsinin interyerini təsvir edən və müəllifinin Niderland rəssamı Hendrik van der Burq olduğu ehtimal edilən rəsmdən gedir. Brand qeyd edib ki, incəsənət əsərini zibil yığını içərisində təsadüfən Amsterdam sakini Robert van der Huk tapıb. O, "De Telegraaf" nəşrinə müsahibəsində işə gedərkən kanal boyunca atılmış əşyalar arasında tablonu gördüyünü bildirib. "Əsər şəhər təmizlik xidmətinin aparması üçün nəzərdə tutulmuş zibil yığınının içində idi. Mən onu özümlə götürdüm, çünki belə bir əşyanın atılmasının təəssüf doğurduğunu düşündüm", - deyə o əlavə edib. Artur Brand özünün "X" sosial şəbəkə hesabında "İncəsənət əsəri nəhayət ki, evə qayıdır. "De Telegraaf" qəzetinin jurnalisti Con van den Hevellə birlikdə onu qanuni varislərinə qaytarırıq", - deyə yazıb.
Mənbə
oxu.az