Dünya

Fransada meşə yanğınları ilə əlaqədar iki nəfər saxlanılıb

06 Jul 2026, 19:06 3 baxış
Fransada meşə yanğınları ilə əlaqədar iki nəfər saxlanılıb
Fransada baş vermiş son meşə yanğınları ilə bağlı qəsdən yanğın törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Oxu.Az BFMTV telekanalına istinadən xəbər verir ki, Ero departamentində 20 yaşlı bir gənc od qalayarkən saxlanılıb. Həmin şəxs hadisə yerində içərisində yanacaq olan kanistrlə tutulub. O, qısa müddət ərzində baş vermiş daha doqquz yanğının törədilməsində şübhəli bilinir. Rona departamentində isə təbiət ərazilərində baş verən və təxminən 70 nəfərin təxliyəsinə səbəb olan bir sıra yanğınlardan sonra 29 yaşlı bir kişi saxlanılıb. Son günlər Fransada, əsasən ölkənin cənubunda çoxsaylı meşə yanğınları ilə mübarizə aparılır. Fransanın müdafiə naziri Sebastyan Lekornyu bildirib ki, bu mövsüm artıq 14 500 hektar ərazi yanıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə çoxdur. Fransada təxminən 20 ərazidə böyük meşə yanğınları baş verib. Ölkənin cənubundakı irimiqyaslı meşə yanğını isə 4 600 hektardan çox sahəni əhatə edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Agence France-Presse" nəşri Şərqi Pireney departamentinin prefekti Pyer Renyo de la Mota istinadən məlumat verib.

O qeyd edib ki, səfərbər olunmuş yanğınsöndürənlər alovun yayılmasının qarşısını almağa çalışırlar. Təxminən 700 yanğınsöndürən külək, quru hava və güclü istilər kimi əlverişsiz hava şəraiti fonunda yanğınla mübarizə aparır. Hakimiyyət orqanları Şərqi Pireney departamentindəki 26 kommunanın sakinlərini - təxminən 10 min insanı təxliyə edirlər. Qeyd edək ki, "Meteo-France" milli hava xidməti kəskin istilərlə bağlı respublikanın əsasən cənubunda yerləşən 15 departamentdə narıncı təhlükə səviyyəsi elan edib. Bəzi ərazilərdə temperatur 40 dərəcə Selsiyə qədər yüksələ bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər