Dünya
Venesuelada zəlzələ dağıntıları altında qalan şəxs səkkiz gün sonra sağ tapıldı
Venesuelanın La-Quayra ştatında xilasedicilər artıq səkkizinci gündür ki, dağıntılar altında qalan 43 yaşlı Ernan Xili xilas etməyə çalışırlar. Bugünədək uçqun altında sağ qalan kişinin həyatını qurtarmaq üçün beynəlxalq axtarış-xilasetmə qrupları səfərbər olunublar. Oxu.Az xəbər verir ki, bu barədə şahidlərə istinadən BFMTV məlumat yayıb. Katia-la-Mar sahil ərazisində mühafizəçi işləyən Ernan Xil öz gözətçi məntəqəsində köməksiz vəziyyətdə qalıb. Xilasetmə əməliyyatına Çili, ABŞ və Meksika da daxil olmaqla, yeddi ölkənin mütəxəssisləri cəlb ediliblər. Çilili yanğınsöndürənlər kişinin huşunun yerində olduğunu göstərən kadrlar paylaşıblar. İspaniya dəstəsinin nümayəndəsi Luis Arteaqa Benatuilin sözlərinə görə, hökumətin tətbiq etdiyi yeni qaydalar səbəbindən əraziyə daxil olmaq xeyli çətinləşib. Buna baxmayaraq, o, əsas məqsədin hələ də insan həyatını xilas etmək olduğunu vurğulayıb. Rəsmi qurumlar ölənlərin sayının 2 295, yaralıların isə 11 000-dən çox olduğunu təsdiqləyiblər. Eyni zamanda, BMT itkin düşənlərin sayının 50 000-ə yaxın olduğunu təxmin edir. Artıq bəzi dağılmış binaların üzərində sağ qalanların axtarışının rəsmən dayandırıldığını bildirən "D" işarələri qoyulub. Venesuelada zəlzələ iyunun 24-ü axşam saatlarında baş verib. Təxminən 40 saniyə fərqlə 7.2 - 7.5 maqnitudalı iki yeraltı təkanlar seriyası qeydə alınıb. Zəlzələnin episentrləri Yarakuy ştatında bir-birindən 10 km məsafədə yerləşib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər