Dünya
Ukrayna ordusu Rusiyanın ən böyük neft emalı zavodlarından birini vurdu
Ukrayna ordusu iyulun 2-nə keçən gecə Rusiyanın Kstovo şəhərində yerləşən "LUKOIL-Nijeqorodnefteorqsintez" neft emalı zavoduna (NEZ), dəmiryol körpüsünə və bir sıra digər obyektlərə zərbələr endirib. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Telegram" kanalı yayıb. NEZ-ə təşkil edilən hücum nəticəsində obyektin vurulduğu və müəssisə ərazisində güclü yanğının başladığı qeydə alınıb. İlkin məlumatlara əsasən, "AVT-6" neftin ilkin emalı qurğusu hədəfə alınaraq zədələnib. Müəssisəyə dəyən ziyanın miqyası hazırda bəlli deyil. Qeyd edək ki, "LUKOIL-Nijeqorodnefteorqsintez" Rusiyanın ən böyük neft emalı zavodlarından biri hesab olunur. Bu zavodun layihə gücü ildə təxminən 17 milyon ton neftin emalına imkan verir. Müəssisə, əsasən, avtomobil benzinləri, dizel və aviayanacaq, sürtkü materialları istehsal edir. Bu məhsullar xüsusilə Rusiya ordusunun ehtiyaclarının qarşılanması üçün istifadə olunur. Bu neft obyekti Ukrayna dronlarının hücumuna ilk dəfə məruz qalmır. Ukrayna qüvvələri sözügedən zavodu 2026-cı ilin aprel və may aylarında da hədəfə almışdı. Məlumatda, həmçinin bildirilir ki, Zaporojye vilayətinin Kamenka rayonu ərazisindəki PUA anbarına da zərbə endirilib. Bundan əlavə, Luqanskaya Stanitsa rayonunda Severski Donets çayı üzərində yerləşən dəmiryol körpüsü də vurulub. Bu obyektdən hərbi logistika, eləcə də şəxsi heyətin, silahların və maddi-texniki vasitələrin daşınması məqsədilə istifadə edilir. Xarkov vilayətinin Olşana ərazisindəki Rusiyanın komandanlıq və müşahidə məntəqəsinə də zərbələr endirilib. Qeyd edək ki, iyulun 2-nə keçən gecə Rusiya ordusunun Kiyevə endirdiyi zərbə nəticəsində azı 11 nəfər həlak olub, daha 56 nəfər yaralanıb.
Mənbə
oxu.az