Dünya
İsrail ABŞ-nin yardımından imtina edir? - Netanyahudan önəmli açıqlamalar
İsrailin Baş naziri Benyamin Netanyahu bu ildən etibarən ABŞ-nin İsrailə ayırdığı maliyyə yardımından imtina etmək niyyətində olduğunu bildirib. Oxu.Az xəbər verir ki, bu barədə "News 18" məlumat yayıb. Mətbuat konfransında çıxış edən hökumət başçısı ölkə iqtisadiyyatının Birləşmiş Ştatların dəstəyi olmadan da mövcudluğunu qoruya biləcək qədər gücləndiyini vurğulayıb. ABŞ-nin ayırdığı vəsaiti sosial müavinətlə müqayisə edən Netanyahu artıq buna ehtiyac qalmadığını diqqətə çatdırıb: "İqtisadiyyatımız artıq kiçik deyil. Biz Birləşmiş Ştatlardan aldığımız ümumi daxili məhsulumuzun bu faiz payını özümüz maliyyələşdirə bilərik". Bununla yanaşı, Netanyahu regional təhlükəsizlik məsələlərinə dair eyni vaxtda bir neçə bəyanat da səsləndirib. O, xüsusilə Fələstin dövlətinin yaradılmasının əleyhinə olduğunu ifadə edib. İsrailin İrana qarşı apardığı hərbi əməliyyatlara münasibət bildirən Netanyahu deyib: "Biz məhv olmaqdan xilas olmaq üçün iki dəfə İrana daxil olmuşuq. Əgər ehtiyac yaranarsa, üçüncü dəfə də olacaq". Bundan əlavə, hökumət başçısı "Hizbullah"ı təhlükə olaraq gördükləri müddət ərzində İsrail qoşunlarının Livanda qalmaqda davam edəcəyini də vurğulayıb.
Mənbə
oxu.az