Dünya
Rusiyalı psixoloqdan qəhvə asılılığı ilə bağlı xəbərdarlıq
Bir çox qəhvəsevər günboyu enerji səviyyələrini qorumaq üçün daim kofeindən asılı qalırlar. Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı psixoloq Mariya Ros "20minutos" nəşrinə müsahibəsində danışıb. O bildirib ki, bunun əsas səbəbi insanların günü yanlış vərdişlərlə başlamalarıdır. Psixoloqun fikrincə, günə düzgün başlamaq üçün ən böyük maneə yuxudan oyandıqdan dərhal sonra telefonu yoxlamaq vərdişidir. "Problem ondadır ki, bizim səhər rutinimiz ekranlara, sosial şəbəkələrə, bildirişlərə, tələskənliyə və sürətli dopamin axınına köklənib. Biz anlamırıq ki, bu cür rituallar enerji səviyyəmizi tənzimləyən təbii proseslərə daim mane olur", - deyə o qeyd edib. Mariya Rosun sözlərinə görə, məhz bu vərdiş insanı günboyu halsız və yorğun edir. Nəticədə, bir çoxları özlərini ayıq hiss etmək üçün gün ərzində bir neçə fincan qəhvə içməyə məcbur qalırlar. Psixoloq vurğulayıb ki, qəhvəni dadına görə və ya bir ritual kimi içməklə, onu yeganə enerji mənbəyi kimi görmək arasında ciddi fərq var. O qeyd edib ki, insanlar süni yolla enerji qazanmağa çalışmaq əvəzinə, səhər vərdişlərini dəyişməlidirlər.
Mənbə
oxu.az