Dünya
Süni intellekt fizikanın "əbədi" problemlərindən birini həll etməyə kömək edib
Nobel mükafatçısı Corcio Parizi məhdud məkanda hissəciklərin qablaşdırılması və onların qarşılıqlı əlaqəsi ilə bağlı klassik fizika məsələsinin sadə həll yolunu tapmaq üçün böyük dil modelindən uğurla istifadə edib. Oxu.Az xəbər verir ki, bu barədə İtaliyanın Beynəlxalq Qabaqcıl Tədqiqatlar Məktəbinin (SISSA) mətbuat xidməti məlumat yayıb. "Əvvəlcə həll yolu tapmağa çalışmırdıq, sadəcə süni intellektdən 10 ildən çox əvvəl apardığımız hesablamaların doğruluğunu yoxlamağı xahiş etdik. Neyron şəbəkəsi hesablamaları təkrarlaya bildi. Bu, bizi keçmişdə aşkar etdiyimiz və qablaşdırılmış hissəciklərin davranışını izah edən qanunauyğunluq üçün süni intellektdən sübut istəməyə sövq etdi", - deyə Romanın Sapientsa Universitetinin dosenti Françesko Zamponi bildirib. F.Zamponinin izahına görə, təbiətdəki bir çox hadisə və materiallar qapalı məkanda xaotik şəkildə yerləşən, yalnız ən yaxın qonşuları ilə əlaqədə olan sıx qablaşdırılmış sferik hissəciklər toplusu kimi təsvir edilə bilər. Beyindəki neyronlar, iqlim prosesləri, həmçinin dəqiq strukturu olmayan maqnit, yarımmaye və dənəvər materiallar məhz bu cür fəaliyyət göstərir. Müəyyən şərtlər altında bu materialların daxilində hissəciklər arasında elə bir qarşılıqlı təsir formalaşır ki, onların sərbəst hərəkəti dayanır. Bu, materialın xüsusiyyətlərini kəskin şəkildə dəyişdirərək onu maye kimi deyil, bərk cisim kimi davranmağa məcbur edən bir növ "tıxac" yaradır. Bu fenomeni izah etmək üçün hələ 2014-cü ildə Zamponi və Parizi həmin tıxacın formalaşmasını təsvir edən riyazi düsturlar toplusu hazırlamışdılar. Alimlərin sözlərinə görə, neyron şəbəkəsi gözlənilməz dərəcədə sadə olan doğru həlli demək olar ki, dərhal tapıb. Bununla belə, sistem bəzi kiçik səhvlərə də yol verib ki, fiziklər onları dərhal düzəldiblər. Tədqiqatçılar, həmçinin öz düsturlarının üç əsas parametrini 2012-ci ildə "tıxacların" yaranması ilə bağlı alternativ nəzəriyyə irəli sürən fransalı həmkarlarının işi ilə əlaqələndirə biliblər. Nəticədə hər iki nəzəriyyənin eyni fiziki qanunlara əsaslandığı məlum olub.
Mənbə
oxu.az