Dünya
Səmada "ulduz şousu": İyul ayının ən maraqlı astronomik hadisələri
Yer kürəsi sakinləri iyul ayında bir sıra maraqlı astronomik hadisələri izləmək imkanı qazanacaqlar. Səma müşahidəçilərini Günəşin ən kiçik görünən ölçüsü, Mars planetinin və Uranın görünüşü, həmçinin meteor yağışı gözləyir. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ural Federal Universitetinin Təhsil Astronomiya Rəsədxanasının mühəndisi Vladilen Sanakoyev məlumat verib. Onun sözlərinə görə, iyulun 6-da Yer öz orbitində Günəşdən ən uzaq nöqtədə - afelionda (152 milyon km məsafədə) olacaq. Bu səbəbdən Yer kürəsindən baxdıqda Günəşin görünən ölçüsü il ərzində ən kiçik həddə çatacaq. İyulun 11-i gecə saat 02:00-dan 03:00-dək isə səma maraqlı bir mənzərəyə şahidlik edəcək: köhnə Ayın nazik ayparası Pleyada açıq ulduz topasının yaxınlığından keçəcək. Həmin vaxt üfüqə yaxın məsafədə qırmızımtıl rəngi ilə seçilən Mars planetini də görmək mümkün olacaq. Mütəxəssis bu hadisəni durbin vasitəsilə izləməyi tövsiyə edir. Bundan əlavə, Ay və Mars arasında Uran planetini də müşahidə etmək olar. Lakin Uranı görmək üçün ən azı 100 dəfə böyüdücü gücə malik teleskop tələb olunur. İyulun sonuna doğru - 30-31 iyul tarixlərində isə Cənubi Delta-Akvaridlər meteor yağışı gözlənilir. Meteor yağışının radiantı (görünmə nöqtəsi) Dolça bürcündə yerləşəcək. Alimin sözlərinə görə, bu hadisə zamanı saatda yalnız bir neçə meteorun düşdüyünü müşahidə etmək mümkün olacaq.
Mənbə
oxu.az