Dünya
Ağ Evdən Maçadoya sərt mesaj: Tramp administrasiyası gözlənilməz qərar verdi
Venesuelalı müxalifətçi, sabiq deputat və Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado ölkəsinə qayıtmaq üçün ABŞ hökumətindən dəstək istəsə də, Vaşinqton onun müraciətini rədd edib. Oxu.Az "The New York Times" qəzetinə istinadən xəbər verir ki, bu barədə rəsmi mənbələr məlumat yayıblar. Nəşrin yazdığına görə, 2025-ci ildə Nobel Sülh Mükafatını almaq üçün Venesuelanı tərk edən Maçado iyunun 24-də baş vermiş dağıdıcı zəlzələdən zərərçəkənlərə kömək etmək məqsədilə vətəninə qayıtmaq istədiyini ABŞ rəsmilərinə bildirib. Lakin Donald Tramp administrasiyası onun müraciətini rədd edərək, Maçadonun hazırkı proseslərdə "maneə"yə çevrildiyini qeyd edib. Mənbələrin sözlərinə görə, Ağ Ev Venesuela ilə münasibətlərdə sabitliyi və hazırkı hakimiyyətlə əməkdaşlığı üstün tutmağa qərar verib. Müxalifətçiyə sakit davranması tövsiyə olunsa da, o, bu məsləhətə əməl etməyib. "The New York Times"ın məlumatına əsasən, Maçado ötən həftəsonu Kцrasao adası üzərindən tranzitlə Venesuelaya getməyə cəhd edib. Lakin adanın xarici siyasətinə cavabdeh olan Niderland hökuməti ABŞ-nin dəstəyi olmadan onun adaya girişinə icazə verməyib. Xatırladaq ki, Venesuelada iyunun 24-ü axşam saatlarında 7.2 və 7.5 maqnitudalı iki güclü zəlzələ baş verib. Son məlumata görə, təbii fəlakət nəticəsində 2 295 nəfər həyatını itirib.
Mənbə
oxu.az