Dünya
Sülh Şurası BMT agentliyinin Qəzzanın gələcəyində iştirak etməyəcəyini bildirib
Sülh Şurası BMT-nin Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) Qəzza zolağında gələcək fəaliyyətini istisna edib. Oxu.Az xəbər verir ki, şuranın "X" sosial şəbəkəsindəki paylaşımında "Yenilənmiş Qəzzada UNRWA üçün yer yoxdur", - deyə vurğulanıb. Bildirilir ki, Sülh Şurası fələstinlilərin davamlı münaqişə və humanitar dəstək asılılığını arxada qoyaraq, yeni bir mərhələyə qədəm qoyur. Açıqlamada "Qəzza sakinləri daha firavan gələcəyə layiqdir", - deyə qeyd edilib. Xatırladaq ki, bir müddət öncə ABŞ rəhbərliyi BMT-yə üzv dövlətlərə müraciət edərək, UNRWA-nın maliyyələşdirilməsini dayandırmağı və həmin vəsaitləri ABŞ-nin təşəbbüsü ilə qurulan Sülh Şurasına köçürməyi təklif etmişdi. Qeyd edək ki, bu il yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində 19 dövlətin təmsilçisi Qəzzada sülhün bərpası məqsədilə Sülh Şurasının Nizamnaməsinə imza atıblar. Bu qurum İsrail və HƏMAS hərəkatı arasındakı razılaşmaya əsasən, Qəzza zolağının idarə edilməsi üçün təşkil edilib. Bununla yanaşı, şuranın gələcəkdə digər bölgələrdəki münaqişələrin həlli və qarşısının alınması istiqamətində də fəaliyyət göstərə biləcəyi planlaşdırılır.
Mənbə
oxu.az