Dünya
KİV: Almaniya prokurorluğu "Şimal axını"nın partladılması ilə bağlı ukraynalı hərbçiyə ittiham irəli sürüb
Almaniya Baş Prokurorluğu "Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərində baş verən diversiyada iştirakda şübhəli bilinən Ukrayna vətəndaşına qarşı ilk ittihamları irəli sürüb. Oxu.Az xəbər verir ki, bu barədə ARD telekanalı məlumat yayıb. Məlumata görə, ittiham olunan şəxs Ukrayna ordusunun keçmiş hərbçisi Sergey K.-dır. Baş prokuror Yens Rommel ona mülki enerji infrastrukturuna hücum, partlayışın təşkili və tikililərin dağıdılması ittihamlarını irəli sürüb. Mülki enerji infrastrukturuna hücum hərbi cinayət kimi qiymətləndirilir. İstintaqın məlumatına əsasən, Sergey K. diversantlar qrupunun rəhbəri olub və 2022-ci ilin payızında partlayıcı maddələrin yerləşdirildiyi "Andromeda" yelkənli yaxtasına komandanlıq edib. Hazırda o, Hamburqda istintaq təcridxanasındadır. O, 2025-ci ilin yayında İtaliyada istirahətdə olarkən saxlanılıb və daha sonra Almaniyaya ekstradisiya edilib. Bundan əlavə, müstəntiqlər saxlanılan şəxsin mobil telefonunda hücumun hazırlanmasında iştirak etdiyini göstərən digər sübutlar da aşkarlayıblar. İş materiallarına əsasən, tərkibində mülki dalğıcların da olduğu ukraynalı vətəndaşlardan ibarət heyət Baltik dənizinin dibinə kustar üsulla hazırlanmış partlayıcı qurğular yerləşdirib. "Şimal axını" sistemi üzrə qaz kəmərləri Rusiyadan Avropaya qaz ixracı üçün inşa edilmişdi. Birinci xətt vasitəsilə Almaniyaya Rusiyadan ixrac edilən qazın ümumi həcminin 50 faizindən çoxu daxil olurdu. İkinci layihə isə diversiya zamanı qazla doldurulmuş olsa da, hələ istismara verilməmişdi.
Mənbə
oxu.az