Dünya
Zalujnı Ukrayna prezidenti olmaq istəyir: Zelenskinin sualına iddialı cavab
Ukraynanın Böyük Britaniyadakı səfiri və Silahlı Qüvvələrin sabiq baş komandanı Valeri Zalujnı seçkilər keçiriləcəyi təqdirdə prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğunu ölkə rəhbəri Volodimir Zelenskiyə bildirib. Oxu.Az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Ukrayinska Pravda" nəşri məlumat yayıb. Bildirilib ki, Zelenski Zalujnıdan payızda seçkilər baş tutarsa, namizədliyini irəli sürüb-sürməyəcəyini soruşub. Zalujnı isə bu suala müsbət cavab verib. O qeyd edib ki, heç vaxt siyasətçi olmaq arzusunda olmayıb, lakin bir çox insan ona ümid bəslədiyinə görə bu etimadı qulaqardı edə bilməz. Ukraynada ehtimal edilən seçkilərlə bağlı müzakirələrin fonunda sosioloqlar əhalinin etimad səviyyəsinə görə Zalujnının Zelenskini əhəmiyyətli dərəcədə qabaqladığını qeyd edirlər. Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun 2026-cı ilin may ayı üçün keçirdiyi sorğunun nəticələrinə əsasən, ukraynalıların 73%-i Zalujnıya etibar edir, Zelenskinin reytinqi isə 61%-dir.
Mənbə
oxu.az