Dünya
Aviaşirkətlərdən Lyayenə müraciət: Avropada aeroportlarda yoxlamalar dayandırıla bilər
Avropanın hava limanları və aviaşirkətlərinin nümayəndələri Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə müraciət ünvanlayıblar. Onlar sərnişin sıxlığının ən yüksək olduğu dövrlərdə giriş-çıxış sistemi çərçivəsində həyata keçirilən yoxlamaların müvəqqəti olaraq dayandırılması imkanını nəzərdən keçirməyə çağırış ediblər. Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, müvafiq məktubu Avropa Hava Limanları Şurası ("ACI Europe"), "Airlines for Europe" aviaşirkətlər birliyi və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ünvanlayıb. Onlar xəbərdarlıq ediblər ki, yay turizm mövsümünün qızğın çağında sərhəd yoxlamaları növbələrin əhəmiyyətli dərəcədə artmasına və uçuşların gecikməsinə gətirib çıxara bilər. Müraciət müəllifləri, sərnişin axını sərhəd infrastrukturunun buraxılış qabiliyyətini aşdığı təqdirdə, hava limanlarına iyul və avqust aylarında yoxlamaları tamamilə dayandırmağa icazə verilməsini təklif ediblər. Qəzet bildirir ki, yeni sistem Avropa İttifaqına daxil olmayan ölkələrin vətəndaşlarından barmaq izləri və fotoşəkillərdən istifadə olunmaqla qeydiyyatdan keçməyi tələb edir. Sənaye nümayəndələrinin sözlərinə görə, artıq bəzi hava limanlarında sərnişinlər saatlarla davam edən növbələrlə qarşılaşırlar və bir sıra təyyarələr boş yerlərlə uçmağa məcbur olur, çünki sərnişinlərin bir hissəsi sərhəd nəzarətindən vaxtında keçə bilmirlər.
Mənbə
oxu.az