Dünya
Venesuelada zəlzələdən sonra dağıntılar altında sağ qalanlar var
Venesuelada baş verən güclü zəlzələdən sonra xilasedicilər dağıntılar altında qalan sağ insanları tapmaqda davam edirlər. Oxu.Az xəbər verir ki, bu barədə Karakas ərazisində axtarış aparan ABŞ-dən olan xilasetmə qruplarının nümayəndələri "CBS News" telekanalına danışıblar. Xüsusilə də xilasedicilər artıq altı gündür ki, zəlzələ baş verən an çökmüş 10 mərtəbəli binanın yeraltı dayanacağında olan 44 yaşlı Erman Jil Floresi çıxarmağa çalışırlar. "O orada mühafizəçi işləyirdi və indiyədək öz daxmasında qalmaqdadır. Kişi heç bir xəsarət almayıb, ona su ötürülməsi mümkün olub, lakin plitələrin çökməsi təhlükəsi olduğundan dağıntıların təmizlənməsi çox ləng aparılır", - deyə o bildirib. Yerli rəsmilərə istinadən CBS əlavə edib ki, 6.5 minə yaxın adam dağıntılar altından xilas edilib, daha 51 min nəfər isə hələ də itkin düşmüş sayılır. Venesuelada yeraltı təkanlar iyunun 24-də axşam saatlarında baş verib. Təxminən 40 saniyə fərqlə 7.2-7.5 maqnitudalı iki ardıcıl zəlzələ seriyası qeydə alınıb. Onların episentrləri Venesuelanın Yarakuy ştatında bir-birindən 10 km aralıda yerləşib. Ən son rəsmi məlumatlara əsasən, fəlakət nəticəsində 1 943 nəfər həlak olub, 10 571 nəfər yaralanıb. 28 380 zərərçəkənə xəstəxanalarda və çöl düşərgələrində tibbi yardım göstərilir.
Mənbə
oxu.az