Dünya
Kanadada 11 yaşlı oğlan yarasa ilə təmasdan sonra öldü
Kanadanın Şimali Ontario bölgəsində dəhşətli hadisə baş verib. Burada 11 yaşlı oğlan yarasa ilə təmasdan sonra quduzluğa yoluxaraq həyatını itirib. Oxu.Az xəbər verir ki, bu barədə Kanada Tibb Assosiasiyasına istinadən "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, oğlan yatarkən yarasa onun birbaşa üzünə qonaraq ağzını və burnunu örtüb. Bu zaman oyanan uşaq heyvanı üzərindən kənara atıb. Valideynləri yarasanı tutaraq çölə buraxsalar da, oğlanın bədənində qan və ya dişləmə izi görmədikləri üçün tibbi yardıma müraciət etməyiblər. Hadisədən 19 gün sonra uşaqda üz nahiyəsində keyimə, qusma və müxtəlif nevroloji əlamətlər yaranıb. Həkimlər uzun müddət xəstəliyin səbəbini müəyyənləşdirməyə çalışsalar da, quduzluq diaqnozu çox gec qoyulub. Bu vaxta qədər virus artıq onun sinir sisteminə ciddi ziyan vurmuşdu. İki həftə davam edən intensiv müalicəyə baxmayaraq, yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Ailə başqalarını xəbərdar etmək məqsədilə bu faciənin ictimailəşdirilməsinə razılıq verib. Həkimlərin sözlərinə görə, yarasaların dişləmələri çox vaxt mikroskopik olur və heç bir görünən iz buraxmır. Bu səbəbdən yarasa ilə, xüsusilə də üz nahiyəsi ilə baş verən ən kiçik təmas belə dərhal həkimə müraciət etməyi və profilaktik tədbirlərin görülməsini tələb edir.
Mənbə
oxu.az