Dünya

Uorren Baffetdən Bill Qeytsə gözlənilməz zərbə: 20 illik ənənə pozuldu

01 Jul 2026, 04:31 1 baxış
Uorren Baffetdən Bill Qeytsə gözlənilməz zərbə: 20 illik ənənə pozuldu
Dünyanın ən zəngin insanlarından biri olan Uorren Baffet ABŞ-li maliyyəçi Ceffri Epşteynin işi üzrə aparılan istintaq fonunda bu il amerikalı iş adamı Bill Qeytsin fonduna ianə etməkdən imtina edib. Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, son 20 ildə ilk dəfə olaraq Baffet Qeytsin fonduna xeyriyyə məqsədilə vəsait ayırmayıb. Buna səbəb kimi fondun Epşteynlə mümkün əlaqələrinin araşdırılmasının nəticələrinin gözlənilməsi göstərilir. 95 yaşlı iş adamı indiyədək hər ilin iyun və ya iyul aylarında "Microsoft" şirkətinin həmtəsisçilərindən biri olan Bill Qeytsin fonduna milyardlarla dollar ianə edirdi. Baffet 2006-2025-ci illər ərzində Qeytsin fonduna ümumilikdə təxminən 48 milyard dollar köçürüb. Qeyd edək ki, Bill Qeytsin adı ABŞ Ədliyyə Nazirliyinin açıqladığı Epşteyn işi ilə bağlı sənədlərdə də hallanır. İş adamı daha əvvəl maliyyəçi ilə əlaqələrinə görə öz xeyriyyə fondunun əməkdaşlarından üzr istəmişdi. Fondun rəhbərliyi 2019-cu ilin avqustunda həbsxana kamerasında intihar edən Epşteynlə təşkilat arasında mümkün əlaqələri araşdırmaq üçün "WilmerHale" hüquq şirkətini cəlb edib. Xatırladaq ki, 30 yanvar 2026-cı ildə ABŞ Ədliyyə Nazirliyi pedofiliya da daxil olmaqla cinsi xarakterli cinayətlərdə ittiham olunan amerikalı maliyyəçi və sutenyor Ceffri Epşteynin dosyesinə aid 3 milyondan çox səhifə sənədin, 2 mindən artıq videonun və 180 min fotoşəklin dərcini başa çatdırıb. Həmin materiallarda müxtəlif ölkələrdən kral ailələrinin üzvlərinin, tanınmış dövlət xadimlərinin, iş adamlarının, diplomatların və alimlərin adları yer alır. Epşteynin tam dosyesinin açıqlanması 2025-ci ilin noyabrında ABŞ Konqresi tərəfindən qəbul edilmiş qanunla tələb olunurdu.
Mənbə oxu.az

Oxşar Xəbərlər