Dünya
Rusiyada erməniəsilli bloqer cərimələndi
Rusiyada Xoroşevski Rayon Məhkəməsi bloqer Arsen Markaryanı nifrət və düşmənçiliyin qızışdırılması maddəsi ilə cərimələyib. Oxu.Az RBK-ya istinadən xəbər verir ki, bu barədə məlumat məhkəmənin rəsmi saytında yerləşdirilən iş materiallarından məlum olub. Məhkəmə müəyyən edib ki, Markaryan 2025-ci ilin dekabrında "Telegram" kanalında "kütləvi auditoriyanın diqqətini milli mənsubiyyətinə görə fərqləndirilən bir qrup şəxs kimi rusların mövqeyinə və statusuna, daha dəqiqi, rusların ictimai statusu ilə layiq olduqları status arasındakı uyğunsuzluğa yönəldən videoçarx" yayımlayıb. Məhkəmə qərarında qeyd olunub: "A.A.Markaryan rusları heyvanlarla müqayisə etməklə onlara qarşı saymazyana və nifrət dolu münasibətini nümayiş etdirir, sözügedən milli qrupun statusunu kütləvi şəkildə alçaldır və bu qiymətləndirməni yeganə doğru mövqe kimi təqdim edir". Məhkəmə iclası iyunun 30-da keçirilib, lakin Markaryan prosesdə iştirak etməyib. "Ostorojno, novosti!" "Telegram" kanalının məlumatına görə, bloqer 20 min rubl (təxminən 442 manat) məbləğində cərimələnib. Hazırda Arsen Markaryan həbsdədir. O, 2026-cı ilin martında Moskva Şəhər Məhkəməsinin qərarı ilə nasizmin reabilitasiyası işi üzrə 4 il 6 ay müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin ona dörd il müddətinə internet saytlarının inzibatçılığı ilə bağlı fəaliyyətlə məşğul olmağı qadağan edib.
Mənbə
oxu.az