Dünya
Kiyev hava qüvvələrini gücləndirir: İsveçdən 16 "Gripen" qırıcısı alınacaq
Ukrayna və İsveç "Gripen E" qırıcılarının satın alınmasına dair saziş imzalayıblar. Müqaviləyə əsasən, Kiyev təyyarələrlə yanaşı, müvafiq avadanlıq və texniki dəstək də əldə edəcək. Oxu.Az xəbər verir ki, bu barədə "RBC-Ukraina" Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatına və müdafiə naziri Mixail Fyodorovun açıqlamasına istinadən məlumat yayıb. "İsveçlə birlikdə Ukraynanın döyüş aviasiyasını gücləndirməyə davam edirik. Bu gün ölkələrimiz 16 ədəd "Gripen E" qırıcısının satın alınmasına dair müqavilə imzalayıblar", - deyə Zelenski bildirib. Prezident əlavə edib ki, ilkin razılaşmaya əsasən, Ukrayna Hərbi Hava Qüvvələri ilk 16 ədəd "Gripen C/D" qırıcısını artıq 2027-ci ilin əvvəlində qəbul edəcək. Müdafiə naziri Mixail Fyodorov isə qeyd edib ki, Ukrayna ilə İsveç arasında hava məkanının müdafiəsinin gücləndirilməsi istiqamətində əməkdaşlıq bir neçə sahəni əhatə edir. "2027-ci ilin əvvəlində ilk 16 ədəd "Gripen C/D" qırıcısının alınması bu platformanın daha sürətli inteqrasiyasına, pilotların və texniki heyətin hazırlanmasına, infrastrukturun uyğunlaşdırılmasına və Hərbi Hava Qüvvələrinin döyüş imkanlarının artırılmasına şərait yaradacaq. Ukrayna Avropa İttifaqının maliyyə dəstəyi və Böyük Britaniyanın köməyi ilə 16 ədəd "Gripen E" qırıcısı satın alacaq. Bu təyyarələrin tədarükünə 2029-cu ilin əvvəlində başlanılması planlaşdırılır. Ukraynalı pilotlar və texniki heyət artıq İsveçdə hazırlıq keçirlər", - deyə Fyodorov bildirib.
Mənbə
oxu.az