Dünya
İran, ABŞ və Livan arasında yeni razılaşma: Birgə komitə yaradılır
Tehran, Vaşinqton və Beyrut Livan ərazisində atəşkəs rejiminə nəzarət və onun qorunması məqsədilə üçtərəfli işçi qrup yaratmağı planlaşdırırlar. Oxu.Az xəbər verir ki, bu barədə İran İslam Respublikası parlamentinin sədri Məhəmməd Baqir Qalibaf dövlət teleradio şirkətinə müsahibəsində bildirib. "Livanın dövlət suverenliyinin təmin olunması məqsədilə İran, ABŞ və Livanın birgə komitəsi yaradılacaq. Ölkəmizin Livandakı səfiri bu komitədə İranı təmsil edəcək", - deyə parlament sədri qeyd edib. Xatırladaq ki, iyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. Bundan əlavə, iyunun 21-də İsveçrənin Bürgenştok şəhərində Doha və İslamabadın vasitəçiliyi ilə ABŞ və İran arasında həmin memorandumun icrasına dair danışıqlar keçirilib.
Mənbə
oxu.az