Dünya
ABŞ-nin maliyyə naziri İrandan neft alan yeganə ölkənin adını çəkdi
"Hazırda İrandan neft alan yeganə ölkə Çindir. Digər dövlətlər isə ABŞ-nin Tehrana qarşı sanksiyalarının yenidən sərtləşdirilməsi ehtimalından ehtiyat edirlər". Oxu.Az xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent "Fox News" telekanalına müsahibəsində bildirib. "Yalnız Çinin bu nefti alması olduqca maraqlıdır. Üstəlik, onlar bunu İran neftinə sanksiyalar tətbiq olunduğu dövrdə də edirdilər", - deyə nazir qeyd edib. Bessentin sözlərinə görə, İran Çinə nefti endirimli qiymətlə satır. O iddia edib ki, potensial alıcılar ABŞ-nin sanksiyalarına məruz qalmaqdan ehtiyat etdikləri üçün İran neftini almaqdan imtina edirlər. "Məhz bu səbəbdən iranlılar hazırda ABŞ ilə danışıqlar aparırlar", - deyə o əlavə edib. Xatırladaq ki, iyunun 22-də ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) avqustun 21-dək iranmənşəli neft, neft-kimya məhsulları və neft məhsullarının istehsalı, satışı, tədarükü və daşınması ilə bağlı bir sıra əməliyyatları, o cümlədən sanksiya siyahısında olan gəmilərin iştirakı ilə həyata keçirilən əməliyyatları sanksiya rejimindən müvəqqəti azad etdiyi məlum olub.
Mənbə
oxu.az