Mədəniyyət
"Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri. I kitab"ın təqdimatı keçirildi - FOTO
2026-cı il iyunun 30-da Prezident Kitabxanasının konfrans zalında tanınmış ictimai xadim, Əməkdar mədəniyyət işçisi Aslan Aslanovun "Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri: I kitab" adlı nəşrinin təqdimatı keçirilib. Tədbirdə dövlət rəsmiləri, alimlər, ictimai-siyasi xadimlər və media nümayəndələri iştirak ediblər. Oxu.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliği baxımından kitabın mühüm elmi-tarixi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, müəllif canlı salnaməçi kimi oxucunu müstəqilliyin ilk illərinin mürəkkəb siyasi-iqtisadi mənzərəsinə aparır və ulu öndərin xilaskarlıq missiyasını təhlil edir. Daha sonra ümummilli liderin həyat və fəaliyyətinə, habelə kitabın əhatə etdiyi tarixi dövrə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edən professor, tarixçi-alim Dilarə Seyidzadə, deputatlar Rafael Hüseynov, Səyyad Aran, Hikmət Babaoğlu kitabın əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, nəşrdə əsas diqqət taleyüklü bir dövrdə hakimiyyətə qayıdan dövlət rəhbərinin daxili sabitliyin bərpası, dövlətçiliyin qorunması və milli birliyin təmin edilməsi istiqamətində atdığı mühüm addımlara yönəldilib. Jurnalist Mixail Qusman, Baş nazirinin sabiq müavini, ictimai-siyasi xadim Əli Həsənov və Xalq yazıçısı Elmira Axundova öz çıxışlarında ulu öndərin uzaqgörən xarici siyasəti və diplomatik məharəti sayəsində gənc respublikanın dünya arenasına çıxarılması prosesinin kitabda yüksək obyektivliklə əks olunduğunu bildiriblər. Vurğulanıb ki, məhz bu strategiya nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutub və qlobal layihələrin etibarlı tərəfdaşına çevrilib. Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Qərbi Azərbaycan tarixi" şöbəsinin müdiri Cəbi Bəhramov kitabın Azərbaycanın dövlətçilik tarixinin mühüm bir dövrünə elmi və obyektiv baxış təqdim edən dəyərli bir araşdırma olduğunu diqqətə çatdırıb. Müəllif Aslan Aslanov çıxışında kitabın ərsəyə gəlməsi prosesindən danışaraq nəşrin hazırlanmasında əsas məqsədin Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, siyasi irsini və diplomatik fəaliyyətini tarixi faktlar əsasında gələcək nəsillərə çatdırmaq olduğunu bildirib. Tədbirin sonunda Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova çıxış edərək təqdimat iştirakçılarına təşəkkürünü bildirib, bu kimi elmi və ictimai əhəmiyyətli nəşrlərin Azərbaycan dövlətçilik tarixinin öyrənilməsi və təbliği baxımından mühüm rol oynadığını vurğulayıb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər