Dünya

Pezeşkian Qumda: İran hakimiyyətində ixtilaflar dərinləşir - VİDEO

30 Jun 2026, 14:53 1 baxış
Pezeşkian Qumda: İran hakimiyyətində ixtilaflar dərinləşir - VİDEO
"Son günlər İranda ABŞ ilə razılaşmanın və danışıqların əleyhinə çıxan siyasi qüvvələrə bəzi dini dairələr də qoşulub. Bu da ölkədə müharibə, yoxsa sülh mövzusunda mövcud ixtilafın daha da dərinləşməsinin göstəricisinə çevrilib. Belə ki, ötən şənbə günü İranda nüfuzlu ruhanilərin təmsil olunduğu önəmli bir qurumun - ölkənin ali rəhbərini seçən Ekspertlər Məclisinin 60-dan çox üzvü son proseslər və ABŞ ilə danışıqlarla bağlı 10 maddəlik bəyanat yayıb". Oxu.Az-ın xəbərinə görə, bu fikirlər "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə yer alır.

"Ümumi məzmunu etibarilə bu bəyanat hökumətin ABŞ ilə anlaşmaq yönündə yürütdüyü siyasəti sual altına alır, aparılan danışıqlarda daha radikal və güzəştsiz mövqe tutulmasına çağırır. Belə ki, bəyanatda Hörmüz boğazının açılması strateji səhv kimi qiymətləndirilib, İranın nüvə proqramının danışıqların gündəliyindən tamamilə çıxarılması tələb olunub. Bəyanatın 2-ci maddəsi xüsusilə geniş diqqət çəkib. Burada faktiki olaraq ayətullah Əli Xameneinin qisasının alınması üçün ABŞ prezidenti və İsrail baş nazirinin öldürülməsinə fətva verilib. Bildirilib ki, bu şəxslərə çıxışı olan hər bir müsəlmanın onları cəzalandırması dini vəzifə hesab olunur. Ali hakimiyyət orqanının təmsilçiləri tərəfindən belə bir dini hökmün verilməsinin danışıqlar prosesinə necə zərbə vurduğunu geniş izah etməyə ehtiyac yoxdur. O da aydın olur ki, bəyanat müəllifləri, ümumiyyətlə, danışıqların perspektivinə inanmırlar. Belə ki, 8-ci maddədə qarşı tərəfin danışıqlardan yenidən güc toplamaq, vaxt qazanmaq və bəzi planlarını, o cümlədən qarşıdakı seçkilərlə bağlı məqsədlərini həyata keçirmək üçün istifadə etdiyi vurğulanıb və bundan sonra İrana yenidən hücum ehtimalının yüksək olduğu bildirilib. Onu da qeyd edək ki, bəyanatı imzalayanlar arasında Əlirza Ərafi, Möhsün Əraki, Dürri Nəcəfabadi, Əhməd Ələmülhüda, Mehdi Mirbağeri kimi nüfuzlu dini fiqurların adlarına rast gəlinir. Ümumilikdə 88 nəfərdən ibarət Ekspertlər Məclisinin üzvlərindən təqribən dörddə üçünün belə bir bəyanata imza atması ABŞ ilə müharibəni dayandırmağa və danışıqlar yolu ilə yekun sülh sazişinə nail olmağa çalışan İran hökuməti üçün ciddi siqnal sayıla bilər. Təsadüfi deyil ki, hökumətin başçısı Prezident Məsud Pezeşkian bəyanatın yayılmasının ardınca, iyunun 28-də təcili olaraq Qum şəhərinə yollanıb və orada nüfuzlu mərcəi-təqlidlər və din xadimləri ilə bir çox görüşlər keçirərək onlardan hökumətin apardığı siyasətə dəstək istəyib", - deyə materialda bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər