Dünya
Antalyada 52 turist zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirildi
Türkiyənin Antalya vilayətində 52 turist Köprülü Kanyon Milli Parkında raftinqdən (gursulu çayda avarçəkmə) sonra qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya çatdırılıb. Oxu.Az DHA agentliyinə istinadən xəbər verir ki, narahatlıq əlamətləri Köprüçay çayının sahilində yerləşən turizm komplekslərindən birində nahardan sonra yaranıb. Məlumata görə, Konya vilayətindən birgünlük ekskursiyaya gələn yerli turistlər əvvəlcə çayda raftinqlə məşğul olub, daha sonra yaxınlıqdakı restoranda yemək yeyiblər. Az sonra onların vəziyyəti pisləşib və Manavqat Dövlət Xəstəxanasına aparılıblar. Bir müddət sonra bütün xəstələr evə buraxılıb. Antalya vilayətinin kənd təsərrüfatı və meşə təsərrüfatı, həmçinin mədəniyyət və turizm idarələri hadisənin səbəblərini araşdırmağa başlayıblar. Manavqat rayonunda yerləşən Köprülü Kanyon Milli Parkı Türkiyənin ən böyük raftinq mərkəzlərindən biri hesab olunur və hər il yüzminlərlə turist tərəfindən ziyarət edilir.
Mənbə
oxu.az