Dünya
Malayziya hökuməti 12 il əvvəl itkin düşmüş təyyarə ilə bağlı qərar verdi
Malayziya hökuməti 2014-cü ildə yoxa çıxan "Malaysia Airlines"a məxsus MH370 aviareysinin qalıqlarının tapılması məqsədilə "Ocean Infinity" şirkəti ilə bağlanmış sualtı axtarış müqaviləsinin müddətini 30 iyun 2027-ci tarixədək uzatmaq qərarına gəlib. Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Malayziyanın nəqliyyat naziri Entoni Loke Sieu Fuk bəyan edib. O əlavə edib ki, müddətin uzadılması zamanı əvvəlki müqavilənin mühüm şərtləri, xüsusilə də "nəticə yoxdursa, ödəniş də yoxdur" prinsipi dəyişməz qalır. Nazirin sözlərinə görə, əgər təyyarənin qalıqları tapılarsa, "Ocean Infinity" şirkəti 70 milyon dollar dəyərində mükafat əldə edəcək. Nəqliyyat naziri vurğulayıb ki, sazişin uzadılması şirkətə 7 428.54 kv.km sahəsi olan axtarış zonasının qalan hissəsinin tədqiqini başa çatdırmağa imkan verəcək. Xatırladaq ki, "Malaysia Airlines" şirkətinə məxsus "Boeing 777-200" markalı sərnişin təyyarəsi 2014-cü il martın 8-nə keçən gecə Kuala-Lumpurdan Pekin istiqamətində hərəkət edərkən uçuşdan təxminən iki saat sonra radarlardan yoxa çıxıb. Həmin vaxt hava gəmisində 12 heyət üzvü və 227 sərnişin olub. 2015-ci ilin yanvar ayında Malayziya rəhbərliyi laynerin qəzaya düşdüyünü və göyərtədəki hər kəsin həyatını itirdiyini rəsmən təsdiqləyib. Təyyarənin qalıqları və ya hər hansı bir izi indiyə qədər tapılmayıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər