Dünya
Burkina-Faso Fransa səfirliyini bağlamaq üçün yeddi gün vaxt verdi
Fransa ilə diplomatik əlaqələri kəsən Qərbi Afrika dövləti Burkina-Fasonun rəhbərliyi, Uaqaduqu şəhərindəki səfirliyin bağlanması üçün Parisə iyunun 26-dan etibarən yeddi gün vaxt ayırıb. Oxu.Az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "Le Monde" nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, Fransa səfiri Burkina-Fasonu hələ 2023-cü ilin yanvar ayında tərk edib və o vaxtdan etibarən vəzifələrini müvəqqəti işlər vəkili icra edib. Diplomatik nümayəndəlikdə onunla birlikdə təhlükəsizlik əməkdaşları, inzibati heyət və diplomatlar da daxil olmaqla təxminən 20 nəfər çalışıb. Qəzet qeyd edir ki, onlar bu müddət ərzində minimal xidmətlər göstərməyə davam ediblər. Mənbələrin bildirdiyinə görə, Burkina-Fasonun Fransa ilə diplomatik münasibətləri kəsmək qərarı Avropa Parlamentinin qəbul etdiyi qətnamə ilə əlaqədardır. Söhbət Avropa İttifaqının qanunverici orqanının iyunun 18-də qəbul etdiyi və Burkina-Fasoda əsas azadlıqların və vətəndaş məkanının boğulmasını pisləyən sənəddən gedir. Qətnamənin müəllifi olan fransalı deputat və ehtiyatda olan general Kristof Qomar Avropa Parlamentindəki çıxışı zamanı Burkina-Faso xuntasının dramatik uğursuzluğa düçar olduğunu vurğulayıb. Səsvermədən sonra, iyunun 22-də Aİ-nin Uaqaduqudakı nümayəndəsi Burkina-Faso Xarici İşlər Nazirliyinə çağırılıb. Afrika ölkəsinin rəsmiləri bu qətnamənin qəbuluna görə öz narazılıqlarını və qəti etirazlarını bildiriblər. İyunun 27-nə keçən gecə Burkina-Faso hökuməti, Fransanı Afrika dövlətinin maraqlarına zidd fəaliyyət göstərməkdə günahlandıraraq diplomatik əlaqələrin kəsildiyini elan edib. Rəsmi açıqlamada Burkina-Faso rəhbərliyi Parisi neokolonializmdə, Sahel bölgəsindəki terror şəbəkələrini dəstəkləməkdə və ölkədəki hadisələri təhrif olunmuş şəkildə işıqlandırmaqda ittiham edir. Eyni zamanda vurğulanır ki, milli suverenliyə hörmət, daxili işlərə qarışmamaq, qarşılıqlı etimad və hörmətə əsaslanan münasibətlərin inkişafı üçün tələb olunan şərtlər artıq mövcud deyil. Öz növbəsində, Fransa Xarici İşlər Nazirliyindən bildirilib ki, Burkina-Fasonun əlaqələri kəsmək qərarının ardından Paris mümkün cavab addımlarını nəzərdən keçirir.
Mənbə
oxu.az